Xəbər verdiyimiz kimi, İdrak Liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib. Hadisənin şagirdin evdən gətirdiyi ov tüfəngi ilə törədildiyi bildirilir. İlkin məlumatlara görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Bu halda şagirdi hansı cəza gözləyir? Onun yaşı və əməlin ehtiyatsızlıqdan törədilməsi nəzərə alına bilərmi?
Globalinfo.az-a danışan vəkil Mehman Muradlı bildirib ki, 15 yaşlı şəxsin törətdiyi cinayətlə bağlı məsələyə hüquqi baxımdan yanaşarkən bir neçə mühüm məqam nəzərə alınmalıdır:
“Qanunvericiliyə əsasən, 14 yaşından yuxarı, 18 yaşından aşağı olan şəxslər müəyyən kateqoriya cinayətlərə görə məsuliyyətə cəlb edilə bilərlər. Bəzi hallarda isə onlara qarşı hətta azadlıqdan məhrumetmə cəzası da tətbiq oluna bilər. Bu kateqoriyaya zorakılıq hərəkətləri və qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı cinayətlər daxildir”.
Liseydə baş verən konkret hadisəyə gəldikdə, vəkilin sözlərinə görə, əsas məsələ əməlin qəsdən, yoxsa ehtiyatsızlıqdan törədildiyinin müəyyən edilməsidir:
“Ehtiyatsızlıqdan törədilən əməllər hüquqi baxımdan tamamilə fərqli qiymətləndirilir. Bu məsələyə istintaq orqanları şahid ifadələri, hadisə yerinə baxış və digər sübutlar əsasında hüquqi qiymət verəcəklər. Bu, birbaşa istintaqın səlahiyyətində olan məsələdir. Lakin bir vəkil kimi nəzəri baxımdan yanaşdıqda, bu hadisədə ehtiyatsızlıq əlamətlərinin olması inandırıcı görünmür. Əgər şəxs odlu silahı əldə edib, onu məktəbə gətirirsə və silahın üzərində güllə mövcuddursa, bu, artıq birbaşa və ya dolayısı ilə qəsdin mövcudluğuna dəlalət edir. Odlu silah kiçik və təsadüfən daşına bilən əşya deyil. Onun məktəbə gətirilməsi, xüsusilə də döyüş sursatı ilə birlikdə olması, hadisənin qəsdən törədildiyini göstərən ciddi hüquqi əsas yaradır”.
Mehman Muradlı qeyd edib ki, hətta şagirdin silahı yalnız sinif yoldaşlarına göstərmək məqsədilə gətirdiyi ehtimal edilsə belə, bu halda da məsuliyyət istisna olunmur:
“Silahın güllə ilə təmin edilməsi artıq qəsd elementinin mövcudluğunu göstərir. Bu baxımdan, ən azı cinayət məsuliyyətinə cəlb olunma ehtimalı yüksəkdir. Şəxsin sosial vəziyyəti və digər hallar nəzərə alınmaqla, bəzi hallarda azadlıqdan məhrumetmə cəzasının tətbiqi də mümkündür”.
Zaira Akifqızı
Globalinfo.az