Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin sakini Aygün Məhərrəmova tanınmış vəkil Cavidan Osmanlı tərəfindən aldadıldığını iddia edir. Vətəndaşın sözlərinə görə, uzun illər davam edən bank-məhkəmə çəkişmələri fonunda mənzilini itirib, sonradan isə işinin həlli üçün müraciət etdiyi vəkil Cavidan Osmanlı tərəfindən maddi ziyana məruz qalıb. O, baş verənlərlə bağlı mətbuata müraciət edərək aidiyyəti qurumlardan kömək istəyib.
Vətəndaş Globalinfo.az-a bildirib ki, 2014-cü il oktyabrın 16-da valideynləri Məhərrəmova Fəridə İsmayıl qızı və Məhərrəmov Asif İsmayılxan oğlu tərəfindən ona verilən etibarnaməyə əsasən, Qaraçuxur qəsəbəsi, ev 4, mənzil 126-nı (134 kvadratmetr) “Nikoil Bank”a (hazırki Yelo Bank) girov qoyaraq 60 ay müddətinə 42 min manat kredit götürüb.
Onun sözlərinə görə, təxminən iki il ərzində “Nikoil Bank”a hər ay 1000 manat ödəniş etməsinə baxmayaraq, sonradan ödənişlərin düzgün hesablanmadığı məlum olub. Bu səbəbdən bankla bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edib:
“Məhkəmənin qərarı ilə bankın qanunsuz hesabladığı əlavə faizlər silindi. Bankla işimiz məhkəmədə olmasına baxmayaraq, mən hər ay sabit şəkildə ödənişləri davam etdirirdim”.
Aygün Məhərrəmova qeyd edib ki, “Nikoil Bank” bağlandıqdan sonra kredit borcu “Yelo Bank”a ötürülüb.
Halbuki həmin vaxta qədər banka ümumilikdə 10 min manatdan artıq ödəniş edib:
“Buna baxmayaraq, borc “Yelo Bank”a köçürüləndə götürdüyüm ilkin məbləğ – 42 min manat yenidən borc kimi üzərimdə saxlanıldı”.
Vətəndaş bildirib ki, məhkəmə prosesləri 2022-ci ilə qədər davam edib və həmin il “Yelo Bank”a əlavə olaraq 10 min manat ödəniş edib. Lakin buna baxmayaraq, bank onun mənzilini xəbərsiz və qanunsuz şəkildə hərraca çıxarıb:
“Mənim həmin hərracda iştirak etmək və mənzilimi geri almaq imkanım kifayət qədər yüksək idi. Ancaq nə rəsmi, nə də qeyri-rəsmi şəkildə mənə hər hansı bildiriş göndərilməyib”.
A.Məhərrəmovanın sözlərinə görə, 2023-cü il oktyabrın 11-də mənzil Suraxanı Rayon Məhkəməsinin icraçıları tərəfindən boşaldılıb.
Bildirir ki, Cavidan Osmanlı əvvəlcə 1000 manat tələb edib:
“İşin tezliklə həll olunacağını düşündüyüm üçün əlavə olaraq 200 manat da verdim. Sonradan işin gedişatı ilə maraqlandıqda isə hər şeyin xeyrimə getdiyini, yaxın zamanda mənzilin açarlarının mənə veriləcəyini dedi”.
Vətəndaş iddia edir ki, Cavidan Osmanlı sonrakı mərhələdə müxtəlif bəhanələrlə ondan ümumilikdə 20 min manat pul alıb:
“Deyirdi ki, bu pullar məhkəmədə vəzifəli şəxslərə veriləcək. 2025-ci ilin noyabr ayında mənə guya 2025-ci il martın 3-nə aid Suraxanı Rayon Məhkəməsinin hakimi Tural Məmmədovun adından icra vərəqəsi təqdim etdi. Sonradan məlum oldu ki, sənəd saxtadır. Üzərindəki QR kodu yoxlayanda bu fakt üzə çıxdı”.
A.Məhərrəmova deyib ki, hazırda dəyəri təxminən 150 min manat olan mənzilini itirməklə yanaşı, əlavə olaraq 20 min manat maddi ziyana düşüb. Onun sözlərinə görə, yaşananlar ailədaxili problemlərə də səbəb olub:
“71 yaşlı anam mənim bu şəxslərə inanmağım ucbatından hazırda kirayədə yaşayır. Bu səbəbdən ailə daxilində ciddi münaqişə vəziyyəti yaranıb”.
Vətəndaş aidiyyəti qurumlara və mediaya müraciət edərək başına gətirilənlərlə bağlı kömək göstərilməsini xahiş edib.
Qeyd edək ki, bir müddət əvvəl vəkil Cavidan Osmanlının saxlanılması və barəsində cinayət işinin açılması barədə məlumatlar yayılıb. Aygün Məhərrəmova məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.
Yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.