“Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ABŞ Prezidenti Donald Trampa Venesuelada Nikolas Maduroya sadiq rejimin hakimiyyətdə qalmasını tövsiyə edib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” (VSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
“MKİ-nin hesabatı Venesueladakı hərbi əməliyyatdan bir neçə həftə əvvəl Donald Trampa və administrasiyanın seçilmiş bir qrup rəsmisinə təqdim edilib. Sənəddə əsasən Maduronun vəzifədən necə uzaqlaşdırıla biləcəyi müzakirə olunub, eyni zamanda ölkədəki ümumi vəziyyətə də toxunulub.
Analitiklər daha sonra belə bir nəticəyə gəliblər ki, 2024-cü il seçkilərinin faktiki qalibi hesab edilən müxalifət lideri Edmundo Qonsales və Nobel mükafatı laureatı Mariya Korina Maçado ölkəni idarə edə və təhlükəsizlik qüvvələrinə nəzarət edə bilməyəcəklər”, – deyə nəşr yazıb.
VSJ hesab edir ki, bu təhlil Trampın hərbi əməliyyatdan sonra Maçadonu deyil, vitse-prezident Delsi Rodrigezi dəstəkləməsinin səbəbi olub.
“Sənəddə həmçinin iki yüksək vəzifəli məmurun adı da çəkilib. Bunlar daxili işlər naziri Diosdado Kabello və müdafiə naziri Vladimir Padrino Lopes ola bilər”.
Qeyd edək ki, 3 yanvarda ABŞ Venesuelada böyük bir əməliyyata başlayıb və nəticədə Prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Flores həbs olunub.
Əliyar Xəlil
Globalinfo.az