iran munihd

Münxen Təhlükəsizlik Konfransı beynəlxalq münasibətlərin aktual problemlərini, təhlükəsizlik və müdafiə məsələlərini müzakirə etmək üçün hər il keçirilir. Təşkilatçı statusunda Münxen Konfransı Fondu çıxış edir. Konfransa dövlət və hökumət başçıları, görkəmli siyasi və ictimai xadimlər, beynəlxalq və qeyri-hökumət təşkilatları, biznes sahəsinin tanınmış nümayəndələri xüsusi dəvət olunurlar. Bir neçə gün davam edən müzakirələrdə sülh və əmin-amanlığın təmin olunmasının yolları müzakirə olunur və hər bir iştirakçı bu istiqamətdə öz təkliflərini müzakirə etmək üçün ortaya qoyur.

Bu il keçirilən konfransa İran İslam Respublikası dəvət olunmadı. Heç Rusiya da. Rusiyanın dəvətnamə almamasının əsas səbəbi bir il bundan öncə Ukraynaya qarşı başladığı müharibədir. Bu müharibə Rusiyanın bütün beynəlxalq, regional təşkilatlardan uzaqlaşdırılması ilə nəticələnib. Hətta onun BMT-dən çıxarılması haqqında müzakirələr gedir. Müharibənin uzanmasının Rusiya üçün daha hansı fəlakətlərə səbəb olacağı barədə düşünmək belə qorxuludur. Heç Ukraynanın da vəziyyəti ürəkaçan deyil. Amma Ukrayna dəvət olunmuşdu bu il təşkil olunan Münxen Təhlükəsizlik Konfransına. Hətta Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışı ən çox müzakirə olunan mövzu idi. Çünki Ukrayna işğala məruz qalmışdı və Zelenski ərazisi işğal altında olan dövlətin Prezidenti idi. Zelenski 44 milyon insanın taleyinə diqqəti cəlb etmək istəyirdi.

Münxen toplantısına İran da dəvət olunmadı. Çünki təhlükəsizlik, sülh və əmin-amanlıq məsələlərinin müzakirə olunduğu bir konfransda iştirak etməyə bu dövlətin haqqı yoxdur. 88 milyon insanı İslam İslam Respublikası adı altında bir həbsxanada saxlayır bu dövlət. Aylardır öz hüquqları uğrunda ayağa qalxan insanlara divan tutur. Qonşularının daxili işlərinə qarışır, regiondakı terror qruplarının rəhbərlərinə sığınacaq verir və digərlərinə qarşı dövlət səviyyəsində terror həyata keçirməkdən belə çəkinmir. Belə bir dövlət Təhlükəsizlik Konfransında nə üzlə iştirak etməlidir?

İş o yerə çatıb ki, öz siyasi ambisiyalarını qəbul etdirmək üçün bütün dünyada təhlükəsizlikləri göz bəbəyi kimi qorunan diplomatik nümayəndəliklərə hücum təşkil edir, səfirliyin nümayəndəsini qətlə yetirir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin elə bu konfransda jurnalistlərin suallarını cavablandırdığı zaman dediyi kimi:

“Bizim səfirliyimizə qarşı terror aktından xəbəriniz var. Bu, Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı idi. Terrorçu 30-40 dəqiqə ərzində tərk-silah edilməmişdir və polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri gəlib-gedirdilər, amma onlar ona iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilər. Terrorçunu əliyalın tərk-silah etmiş mühafizə işçilərindən birinin cəsarəti ola bilsin ki, onlarla azərbaycanlının həyatını xilas etdi. Çünki diplomatlarımzın ailələri, o cümlədən uşaqları o binada yaşayırdılar. Buna görə biz bu məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edirik. Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran istablişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir. Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış bir addım idi. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Lakin ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran istablişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibətlərin hər hansı normallaşması haqqında danışa bilərik.”

Elə İranın hazırkı rəhbərliyi də öz xalqına, region ölkələrinə və bəşəriyyətə qarşı törətdiyi qəddar cinayətlərə görə beynəlxalq məhkəmə qarşısına çıxarıldıqdan və layiqli cəzalarını aldıqdan sonra bu dövlətə  beynəlxalq səviyyədə keçirilən konfranslara dəvət olunmaq hüququ veriləcək. Hələlik isə sübutların toplanması mərhələsi davam edir.

Əlimusa İbrahimov
Politoloq

Paylaş: