11 noyabrda Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyəyə məxsus hərbi yük təyyarəsinin “qara qutu”sunun təhlili başa çatmamış qardaş ölkənin gündəmi yeni bir təyyarə qəzası xəbəri ilə silkələndi. Ankaradan Tripoliyə uçan Liviyaya məxsus təyyarənin qəzaya uğraması nəticəsində Baş Qərargah rəisi, general-polkovnik Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla yüksək rütbəli rəsmilər faciəvi şəkildə həlak olublar.
Mövzu ilə bağlı Globalinfo.az Dünya Türkiyat Dərnəyinin sədr müavini, jurnalist və yazar Selçuk Düzgündən müsahibə alıb.
Həmin müsahibəni təqdim edirik:
– Səlçuk bəy, Azərbaycandan ölkəsinə dönən 20 türk hərbçisinin olduğu təyyarənin qəzaya uğraması, Türkiyə gəmilərinə hücum cəhdləri, bəzi bölgələrdə görülən xarici PUA-lar və Liviya rəsmilərini daşıyan təyyarənin Ankara yaxınlığında qəzaya uğraması – bütün bu insidentlər zəncirinin təsadüfə bənzəmədiyi iddia olunur. Bu hadisələrin arxasında hansı qüvvələr dayanır? Türkiyə qaynar müharibəyə cəlb olunur?
– 11 noyabrda C-130E tipli hərbi yük təyyarəmiz qəzaya uğradı və 20 əsgərimiz şəhid oldu. Türkiyənin bir çox yerində xarici PUA-lar göründü. Liviya qətnaməsi təsdiqləndi. Və unutmayın ki, Türkiyə hazırda Liviya ordusuna təlim keçir. Bütün bunlar baş verərkən əsas hədəf Mavi Vətəndir! Mavi Vətən məqsədləri çərçivəsində Liviya Baş Qərargah rəisini daşıyan təyyarə ölkəmizdə vuruldu. Təyyarədə həlak olan Liviya rəsmilərinin vəzifələrinə və onların Türkiyəyə niyə gəldiklərinə baxsaq, əslində hadisənin səbəbi aydın olur. Bütün bunlar, əlbəttə ki, təsadüf deyil. Türkiyənin regional gücünə bələd olan və bölgəyə göz dikən hegemon dövlətlərin bunda əli var. Bəli, Türkiyə addım-addım qaynar müharibəyə cəlb olunur. Və görünən odur ki, ehtiyac yaranarsa, Türkiyə öz təhlükəsizliyi üçün istənilən müharibəni aparmağa hazırdır və bu gücə də malikdir.
– “Terrorsuz Türkiyə” prosesi və Türkiyənin SDG-yə qarşı əməliyyatı müzakirə olunarkən, İstanbul zəlzələsi birdən-birə bütün dünyada manşetlərə daşındı. Bu risk illərdir müzakirə olunsa da, qlobal media bu məsələni yenidən ön plana çıxardı. Niyə indi? Bu ilin ilk yarısında – mayın 12-də PKK-nın özünü buraxdığını elan etməsindən bir həftə əvvəl Türkiyə Cümhuriyyətinin təsis sənədi hesab edilən Lozanna Müqaviləsinin imzalandığı İsveçrənin Lozanna şəhərində Kürd İnstitutu yaradılıb. İddiaya görə, bu qurumun hədəfi İran və Türkiyədir. Bu təhdid nə dərəcədə realdır?
– Türkiyənin “Terrorsuz Türkiyə” səylərindən narahat olan və terrorçuları yetişdirən, silahlandıran ölkələr YPG vasitəsilə Suriyada və bölgədə özlərinə yer etməyə çalışırlar. Lakin onlar buna nail ola bilməyəcəklər. Əgər SDG, YPG, hər necə adlandırırsınız, bu şəkildə davam edərsə, hərbi əməliyyat qaçılmazdır. Həm Suriya hökuməti, həm də türkmən və ərəb tayfaları Türkiyədən bir xəbər və siqnal gözləyirlər. Türk ordusunun terrorizmlə mübarizədə təcrübəsini nəzərə alsaq, onların işi çətindir. Türkiyə Cümhuriyyətinin təsis sənədi hesab edilən Lozanna müqaviləsinin pozulması mümkün deyil. Türkiyəni bölmək və ya parçalamaq kimi ambisiyaları olanlar bilməlidir ki, Türkiyədə bir dəyişiklik olacaqsa, bu, yalnız sərhədlərini genişləndirməklə baş verəcək. Zəlzələ kimi hadisələrlə gündəm yaradanlar ölkəmizə qarşı işğal planları üçün zəmin hazırlayırlar.
Selçuk Düzgün
– Türkiyənin ətrafının bu cür alova büründüyü bir vaxtda ona qarşı İsrail-Yunanıstan-Cənubi Kiprdən ibarət koalisiya qurulur. Bununla yanaşı, İmralı görüşü barədə ölkədə müzakirələr bitməmiş, “narkotik testi” əməliyyatı həyata keçirildi. Bu məsələdə jurnalist Mehmet Akif Ersoy və Fənərbaxça İdman Klubunun prezidenti Sadettin Saran və s. bu kimi tanınmış şəxslərin adları hallanır. Sosial mediada Mehmet Akif və onun atasının İran kəşfiyyatına xidmət etməsi haqda iddialar var. Başqa sözlə, Türkiyə daxildə və xaricdə gərginlik içindədir. Bu, nədən xəbər verir?
– Bəli, Türkiyənin ətrafında belə bir alov halqası var, amma bu, yeni bir şey deyil. Türkiyə bölgənin ən köklü millətinə sahib ən güclü dövlətdir. Buna görə də, bölgəyə göz dikən dövlətlər üçün hədəfdir. İsrail, Yunanıstan və Cənubi Kipr kəsimi kimi dövlətlər kiçik və Azərbaycan təbiri ilə desək, “qondarma” dövlətlərdir. Eynilə, Ermənistan kimi. Bu dövlətlərin və ya dövlətciklərin vəzifəsi ağalarına xidmət etməkdir və bunun müqabilində mükafatlandırılırlar. Türkiyə ilə birbaşa əlaqə qura bilməyən o böyük dövlətlər bu kiçik dövlətciklərdən istifadə edirlər. Türkiyə böyük türk dövlətlərinin Qərbə açılan sonuncu nümayəndəsidir.
Buna görə də, İmralı məsələsi, narkotik qaçaqmalçılığı gündəmi və casusluq fəaliyyətləri kimi hadisələr böyük dövlət olmağımızın nəticəsidir. Türkiyənin eyni vaxtda onlarla cəbhədə mübarizə aparmaq gücü var. Türkiyənin içi-çölü şübhəsiz ki, qaynayır və bu qaynama Türkiyənin böyük dövlət olmasından irəli gəlir, nəticədə o daha da böyüyəcək.
– Türkiyə ilə birbaşa qarşıdurmaya cəsarət etməyən xarici güclər onun daxilində nifaq salmağa çalışırlar. Bu məqsədlə ən həssas nöqtələrə zərbə vururlar. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə qarşı aşağılama kampaniyası aparılır. “Kürd məsələsi”ni qaldıraraq cəmiyyət daxilində bölücü planlarında uğurlu ola bilməyənlər buna dünyəvilik və islamçılıq məsələlərini ortaya ataraq insanların zehnində nail olmaq istəyir. Türkiyənin bölünməsinə xidmət edən bu plan Böyük Yaxın Şərq Layihəsinin (BOP) bir hissəsi ola bilərmi?
– Bəli, dediyiniz kimi, Türkiyə ilə birbaşa qarşıdurmaya girməyə gücü çatmayan xarici güclər 5-ci kolona aid hər cür fəaliyyətlərlə məşğuldurlar. Amma qeyd etdiyim kimi, Türkiyə qədim bir dövlətdir və bu səylərə qarşı psixoloji müharibə sahəsində kifayət qədər təcrübəyə malikdir. Ölkəmizin qurucusu Mustafa Kamal Atatürkə qarşı zərərli fəaliyyətlər sadəcə liderə deyil, həm də bu dövlətə və türk millətinə hücumdur. Onların sosial mediada fəaliyyətləri nə qədər güclü olsa da, millət tərəfindən dəstəklənmir. “Kürd məsələsi” adlandırdıqları və terrorizmlə alovlandırdıqları bu separatçı səylərin də artıq bu ölkədə işə yaramayacağını anlayıblar. Xüsusilə kürdlər bu hadisələrin böyük Ermənistana xidmət etdiyini və Böyük Yaxın Şərq Layihəsinin (BOP) əlaltıları kimi çıxış etdiklərini çox yaxşı bilirlər və kürd xalqının 90%-i bu hadisələrə qarşıdır. Bəli, BOP davam edir, amma Türkiyə dövləti də yatmır. Türkiyəni bir neçə dövlətə bölməyi hədəfləyən BOP-çular Türkiyənin böyüməsinə şahid olacaqlar. Coğrafiya taledir və bu coğrafiyalar türklərin taleyidir. Təbiətin Türk dünyasında oyanışının qarşısını heç kim ala bilməyəcək.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul