İran Prezidenti Məsud Pezeşkianın qızının Bakıya səfəri diqqətçəkən addımlar və simvolik mesajlarla yadda qaldı. O, ölkəmizə gəlişi zamanı Leyla Əliyeva ilə görüşdü və tədbirdə Azərbaycan türkcəsində şeir söylədi. Ümumilikdə bu səfəri ilə ciddi siyasi və diplomatik mesaj vermiş oldu.
Pezeşkianın ətrafında gedən proseslər fonunda qızının Bakıya gəlişi nədən xəbər verir? Bu addım İranın Azərbaycanla münasibətlərində yeni yumşalma cəhdi kimi qiymətləndirilə bilərmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, son zamanlar İranda prezidentin simasında islahatçıların cəmiyyətdə və ali rəhbər üzərində təsir imkanları artıb:
“Uzun illər ərzində islahatçıların uğur qazana bilməməsi, amma Pezeşkianın timsalında hakimiyyətdə güclənməsi və cəsarətli qərarlar qəbul etməsi mövcud geosiyasi çağırışların nəticəsidir. Neçə müddətdir İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən idarə olunan İran, istər dünyada, istər bölgədə, istərsə də daxildə ciddi problemlərlə üz-üzə qalıb. Ölkənin xilasının və bütövlüyünün qorunmasının yeganə yolu həm xarici, həm də daxili siyasətdə köklü islahatlardır. Bu baş verməyəcəyi təqdirdə, İran daha ciddi böhranla üzləşə bilər.
İran prezidenti ilk növbədə qonşu dövlətlərlə, o cümlədən ona milli, dini və mədəni cəhətdən çox yaxın olan Azərbaycanla münasibətləri normallaşdırmağın alternativini görmür. Halbuki uzun illər ərzində SEPAH Azərbaycanla münasibətlərin gərgin qalmasında maraqlı olub və bu istiqamətdə addımlar atıb. SEPAH-ın Bakını Tehran üçün təhdid kimi görməsi və buna görə də ölkə əhalisinin yarısını təşkil edən Azərbaycan türklərinin milli haqlarından məhrum edilməsi məhz bu yanlış siyasətdən qaynaqlanıb. Nəticədə fərqli ideoloji düşüncələrlə milli kimlik məsələlərinin arxa plana keçirilməsi və assimilyasiya cəhdləri heç bir effekt verməyib, əksinə, bu siyasət İran üçün ciddi təhdidlər formalaşdırıb. Pezeşkian hökuməti də reallığı görür və bu siyasətdən əl çəkilməsi üçün Bakı ilə münasibətləri normallaşdırmağa, Azərbaycan türkləri ilə bağlı açılıma getməyə çalışır, həmçinin kifayət qədər cəsarətli addımlar atır. Fikrimcə, ali rəhbər Ayətullah Seyid Əli Xamenei çox ehtiyatlı olsa da, Pezeşkianın tezisləri ilə hesablaşır. Onu da nəzərə almalıyıq ki, İranın dövlət maraqlarını deyil, öz hakimiyyət maraqlarını əsas tutaraq fəaliyyət göstərən SEPAH-ın ali rəhbər üzərində ciddi təsir imkanları var. Ona görə də İranda bir-birinə zidd siyasi gedişlər və rəsmi açıqlamalar təəccüb doğurmamalıdır. Bundan sonrakı mərhələdə də SEPAH-la islahatçılar arasında ziddiyyətlər daha gərgin mərhələyə qədəm qoyacaq. Çünki Pezeşkianın İran dövlətinin xilasına yönələn siyasəti SEPAH-ın korporativ maraqlarını təhdid edir. Yəni ölkə normallaşacaqsa, SEPAH-ın hakimiyyətinin güclənməsinin əsasını təşkil edən “xarici düşmənlər” də olmayacaq. Nəticədə korpusun mövqeləri getdikcə zəifləyəcək”.

Əli Zülfüqaroğlu
Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, istənilən halda İranda geridönüşü olmayan cəsarətli və ölkənin xilasına hesablanan proses başlayıb:
“Hədəf, bölgə dövlətləri və Qərblə münasibətlərdə adekvat davranılması, daxildə köklü islahatlara gedilməsidir. Burada ən mühüm məqam İran dövlətinin qurulması, idarə olunması və güclənməsində həlledici rol oynayan Azərbaycan türklərinin hüquqlarının bərpa olunması və ideoloji müstəvidə yumşalmaya gedilməsidir. Reallıq ondan ibarətdir ki, İrandakı Azərbaycan türkləri və Azərbaycan Respublikası Tehran üçün təhdid deyil, heç bir zaman da olmayıb. Bakı daim Tehranla yaxın qonşuluq, dostluq siyasətinə üstünlük verib. Pezeşkianın da məqsədi SEPAH tərəfindən uzun illər ərzində yaradılmış və süni şişirdilmiş stereotipləri qırmaqdır. Hesab edirəm ki, buna böyük ölçüdə nail olacaq. Ona görə də Pezeşkianın qızının Azərbaycana səfəri sıradan məsələ deyil, iki ölkə arasında mədəni körpülərin gücləndirilməsinə xidmət edir ki, bu İran üçün həyati əhəmiyyət daşıyır.
İran əhalisinin yarısı Azərbaycan dilində danışır. Paytaxt Tehranda sakinlərin yarısı azərbaycanlıdır. Hər bir xarici vətəndaşın Azərbaycan dilini bilməsi Tehranda gəzmək, iş qurmaq və yaşamaq üçün yetərlidir. Ona görə də İran tarixinin əsasını təşkil edən azərbaycanlıları göməzdən gəlmək artıq mümkün deyil və SEPAH-ın müəyyənləşdirdiyi ənənəvi siyasətin dəyişməsindən başqa alternativ yoxdur”.
Turan Rzayev
Globalinfo.az