iran 900x599 1

İranın sabiq prezidenti Məhəmməd Xatəminin açıqlaması ictimaiyyətdə narahatlıqla qarşılanıb. Xatəmi İranın iqtisadi problemlər səbəbindən qəfil çökə biləcəyini söyləyib.

Keçmiş prezident ölkədə ciddi problemlərin olduğunu bildirib və xüsusilə su böhranına diqqət çəkib. O, ölkənin 1979-cu ildəki rejim dəyişikliyindən sonra ilk dəfə belə dərin problemlərlə üz-üzə qaldığını qeyd edib.

Bu vəziyyətin arxasında ABŞ və İsrail dayanır? Tehran hökumətinin müharibə ilə devrilməsinə nail ola bilməyən qüvvələr taktikanı dəyişib?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, İslam inqilabından sonrakı dövrdə İranın Qərblə müxtəlif səviyyələrdə əməkdaşlıqları olub:

“Qərbin İrana düşmən mövqeyi hər zaman hiss edilib. Bu gün isə Tehran hökumətinə qarşı ağır sanksiyalar tətbiq olunur. Hakimiyyətin devrilməsi üçün müşahidə olunan proseslərdə də məhz Qərbin əli var. Təsadüfi deyil ki, hicab qanununa görə hökumətə qarşı genişmiqyaslı aksiyalar keçirildi. Hətta etnik azlıqlar da bu etirazlara qoşuldular.

ilyas huseynov 900x600 2
İlyas Hüseynov

Digər tərəfdən, İsraillə 12 günlük müharibə də İrana ciddi zərbə vurdu. Ölkənin nüvə obyektləri və nüvə alimlərinin sıradan çıxarılması Tehran üçün heç də yaxşı olmadı. Lakin ölkədə su böhranının dərinləşməsi, iqtisadi çətinliklər, milli valyutanın dəyərdən düşməsi və sosial problemlərin artması gərginliyi yüksəldir. ABŞ və İsrail isə bu vəziyyətdən istifadə edirlər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: