ceyhun bayramov 2

Bu gün Ceyhun Bayramov Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində Küveyt dövlətinin xarici işlər naziri Şeyx Salem Abdullah Al-Caber Al-Sabah ilə görüşüb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, iki ölkə arasında münasibətlərin tarixən dostluq prinsipləri əsasında qurulduğunu vurğulayan nazir Ceyhun Bayramov, ölkəmizin mövcud əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu bildirib.

İstər ikitərəfli, istərsə də çoxtərəfli müstəvilərdə münasibətlərin uğurla inkişaf etdiyini bildirən Nazir beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin önəmindən bəhs edib.

Nazirlər həmsədrləri olduqları “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiya” üzrə gələcək planlar və Bakıda mart ayında keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü barədə fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin turizm, elm, təhsil, mədəniyyət və digər sahələrdə mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

***
15:45

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfəri çərçivəsində Misir Ərəb Respublikasının xarici işlər naziri Sameh Şükri ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, görüş zamanı tərəflər cari ilin yanvar ayında Misir Ərəb Respublikası Prezidentinin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, bu kimi yüksək səviyyəli qarşılıqlı səfər mübadilələrinin münasibətlərin inkişafı üçün əhəmiyyətli olduğunu qeyd ediblər.

Görüşdə Azərbaycanla Misirin tarixi dostluq əlaqələrinin inkişafına və əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinə önəm verildiyi diqqətə çatdırılıb.

Ölkələrimiz arasında BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq müstəvilərdə mövcud əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı dəstəyin vacibliyindən bəhs olunub. Bu xüsusda, mart ayında Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün əhəmiyyəti nazir Ceyhun Bayramov tərəfindən bildirilib.

Görüşdə Ceyhun Bayramov həmkarını bölgədə post-münaqişə dövründə ölkəmizin sülh, təhlükəsizlik və əməkdaşlığın qurulması istiqaməyində təşəbbüsləri barədə məlumatlandırıb. Bu səylərə baxmayaraq, Ermənistanın davamlı təxribatlar törətdiyi və prosesə xələl gətirdiyini qeyd edib.

Tərəflər, həmçinin ticari-iqtisadi, mədəni, humanitar və digər sahələr üzrə əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir müzakirəsi aparıblar.

***
10:05

Fevralın 12-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərinə işgüzar səfərə yola düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi və Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransında iştirakı nəzərdə tutulur.

Paylaş: