Paradda gözlənilən sürpriz: Hərbçilər arasında onlar da olacaq

Paradda gözlənilən sürpriz: Hərbçilər arasında onlar da olacaq

Noyabrın 8-i Azərbaycanda Zəfər paradı keçiriləcək. Tədbiri izləyənlər arasında Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də olacaq. Həmçinin paradda bu ölkənin hərbiçilərinin də xüsusi keçidi nəzərdə tutulub.

Azərbaycan Ordusunun tarixi zəfərini təntənə ilə qeyd etdiyi bu gündə Pakistan hərbçilərinin Qələbə paradında addımlaması iki ölkə münasibətlərində qardaşlıq və strateji tərəfdaşlıq mesajı kimi qiymətləndirilir. Bu iştirak təkcə dostluq jesti deyil, həm də regional həmrəyliyin, təhlükəsizlik və müdafiə əməkdaşlığının rəmzi kimi dəyərləndirilə bilər.

Globalinfo.az-a danışan politoloq Qədir Aslan bildirib ki, Pakistan nüvə silahına malik olan yeganə müsəlman ölkəsidir:

“Azərbaycanın qələbəsində də Pakistanın mənəvi, siyasi və diplomatik dəstəyi böyük rol oynayıb. Türkiyə ilə ittifaqımız strateji maraqlar baxımından daha yüksək olsa da, Pakistanın da hər zaman yanımızda olması, bu gün isə paradda iştirakı əlamətdar hadisədir.

Həm şimalda, həm də cənubda bizə tərs baxan qüvvələr var. Rusiya nüvə ölkəsidir, İran isə bu silahı əldə etməyə çalışır. Onlar hər zaman bizi bu geosiyasi qısqacda sıxmağa cəhd ediblər. Pakistanın paradda iştirakı həm də bu ölkələrə bir mesajdır. Düzdür, paradda Türkiyə də iştirak edəcək, amma hərbi baxımdan Pakistanın daha güclü olduğunu düşünürəm.

Paradda gözlənilən sürpriz: Hərbçilər arasında onlar da olacaq
Qədir Aslan

Azərbaycan yeni ittifaqlar yaradır. Transmilli layihələrdən irəli gələn təhlükəsizlik məsələləri aktuallaşıb. Bu kontekstdə rəsmi İslamabadın yanımızda olması çox mühümdür. Biz yaxşı bilirik ki, Pakistanın həm Böyük Britaniya, həm də ABŞ-la münasibətləri kifayət qədər yaxşıdır.

Pakistan üçün də Azərbaycan mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Avropaya çıxış baxımından Bakı strateji mərkəzdir. İki ölkəni birləşdirən mədəni, iqtisadi və siyasi əlaqələr çox güclüdür. Bu gün paradda iştirak etməyə ən layiq ölkələrdən biri də məhz elə Pakistan idi”.

Turan Rzayev
Globalinfo.az