“Prezident Vladimir Putin avqustda Alyaskada aparılan danışıqlar zamanı Rusiya–Ukrayna müharibəsi ilə bağlı ABŞ-ın təkliflərinə cavab verib. Moskva indi Vaşinqtonun reaksiyasını gözləyir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Kommersant”a müsahibəsində deyib.
“Putinə Stiv Vitkoff tərəfindən verilən təklifləri nəzərdən keçirmək üçün bir qədər vaxt lazım oldu. Sonra o, konsepsiya ilə razılaşmağa hazır olduğunu söylədi. Çünki bu, ilk növbədə münaqişə səbəblərinin həllinə yönəlib. Təklif olunan konsepsiya Ukraynanın NATO-ya üzvlüyündən imtina etməsini və Moskvanın referendumla bağlı fikirlərini, eləcə də ərazilərin tanınmasını özündə birləşdirir. Alyaska danışıqlarından sonra ABŞ prezidenti Donald Tramp Vaşinqtondakı müttəfiqləri ilə bu təşəbbüsü müzakirə etmək niyyətində olub. Onların bizə ünvanladıqları təklifə cavab olaraq öz mövqeyimizi bildirdik, yəni bunu mahiyyətcə qəbul edirik. Eyni zamanda konsepsiyanın həyata keçirilməsi üçün konkret yol təklif edirik. İndi onların təklifinə cavabımızı gözləyirik”.
Ukraynaya Amerika qanadlı raketlərinin tədarükünə münasibət bildirən Rusiya diplomatiyasının rəhbəri bunun ölkəsi ilə ABŞ arasında münasibətlərə böyük ziyan vuracağını açıqlayıb. Eyni zamanda, XİN rəhbəri Vaşinqtonun bütün riskləri anladığına əminliyini ifadə edib.
Lavrov qeyd edib ki, bu cür sistemləri yalnız istehsalçı ölkənin hərbi qulluqçuları idarə edə bilər. Bu səbəbdən raketlərin çatdırılması və istifadəsi həmçinin Rusiya ilə ABŞ arasında münasibətlərin təhlükəli gərginləşməsi demək olacaq.
Əliyar Xəlil