2014-cü ildə Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olması prosesində Qazaxıstan və Belarus liderlərinin Ermənistandan tələbi yenidən gündəmə gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV yazıb.
Bildirilib ki, Qazaxıstanın o vaxtkı prezidenti Nursultan Nazarbayev və Belarus lideri Aleksandr Lukaşenko Aİİ-nin Astanada keçirilən iclasında Ermənistanın üzvlüyünü müzakirə edərkən Azərbaycanın Qarabağ mövzusunda fikrini dəstəkləyiblər.
Belə ki, liderlər Azərbaycan Prezidenti İlham Əliyevlə danışdıqlarını, onun Ermənistanın ittifaqa beynəlxalq səviyyədə tanınan əraziləri ilə (yəni Qarabağ daxil edilmədən) üzv olması fikrinə qatıldıqlarını bildiriblər. Nazarbayev və Lukaşenko bu məsələni Ermənistanın o zamankı prezidenti Serj Sərkisyanla iclasda gündəmə gətiriblər və Əliyevin haqlı olduğunu vurğulayıblar. Sərkisyan sadəcə susub və heç bir reaksiya verməyib. Onun susqunluğu Ermənistanda ciddi rezonans doğurub və tənqidə səbəb olub.
Keçmiş prezidentin köməkçisi olmuş Samvel Fərmanyan bu gün açıqlama yayaraq, Sərkisyanın susmasından danışıb:
“Artıq heç bir məsələ gizli qalmamalıdır. O tarixlərdə Ermənistanın Aİİ-yə üzvlüyü prosesində həqiqətən də qarışıqlıqlar yaşandı. Qazaxıstan və Belarus liderləri Sərkisyanla ayrıca da danışaraq Ermənistanın Qarabağsız ittifaqa qəbul ola biləcəyini və Əliyevi dəstəklədiklərini dedilər. Sadəcə bu məsələ hələ ortaya atılmamışdan öncə İrəvan hökuməti üzvlük prosesini əsas aktor olan Rusiya ilə danışmış, razılıq almış və təsdiqləmişdi. Ona görə də Sərkisyan baş verənlər qarşısında sadəcə susmağı seçdi, bu buna rəğmən çox ciddi təzyiqlərə məruz qaldı və vəziyyət heç də asan olmadı. Xüsusilə Nazarbayev bu məsələni onunla daha çox müzakirə edirdi”.
Əliyar Xəlil
Globalinfo.az