e7b1139962f8a94f39de0e032eaa1051

“Tramp, həqiqətən, Ukrayna müharibəsinin başa çatmasını istəyir” .

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında avqust ayının ortalarında keçirilməsi planlaşdırılan görüş haqda danışarkən deyib:

O bildirib ki, Trampın müharibəni bitirməkdə bir neçə məqsədi var:

Birincisi, o, Nobel Sülh Mükafatına real namizəddir və bu iddiadadır. Bunu Vaşinqton görüşündə Prezident İlham Əliyev də vurğuladı.

İkincisi, müharibə başa çatandan sonra ABŞ Rusiya ilə əlaqələri qismən də olsa normallaşdırmaq və iqtisadi münasibətləri inkişaf etdirmək istəyir.

Üçüncüsü, o, Ukraynaya investisiya qoymaq niyyətindədir.

Dördüncüsü, Tramp Yaxın Şərqdəki müharibə bitdikdən sonra diqqətini bu regionda və Çinlə münasibətlərə yönəltmək barədə düşünür.

Ağ Ev bütün səylərinə rəğmən, hələ ki müharibəni dayandıra bilmir. Bunun iki əsas səbəbi var. Birincisi, Rusiya və Ukraynanın qarşılıqlı olaraq kompromisə getmək istəməməsi, ikincisi isə Avropanın mövqeyidir. Belə ki, Avropa ABŞ-dan fərqli olaraq savaşın bitməsini istəmir. Çünki bir çox Avropa paytaxtı savaş bitəndən sonra Rusiyanın onlar üçün yenidən təhdidə çevrilə biləcəyindən narahatdır. Elə buna görə də Ukraynanı silahlandırmaqla müharibənin davam etməsini təmin edirlər”.

Siyasi şərhçi deyib ki, Tramp müharibənin bitməsi üçün Moskva və Kiyevin maraqlarının uzlaşdırılmasının zəruriliyini və bunun vaxt alacağını anlayır:

“Artıq o özü də başa düşür ki, müharibəni yaxın vaxtda başa çatdırmaq asan məsələ deyil.

Tramp hakimiyyətinin ilk dövründə Rusiya ilə bağlı kifayət qədər loyal mövqe ortaya qoymuşdu. Bu, ciddi təəccübə səbəb olmuş və müxtəlif iddialara yol açmışdı. Düşünürəm ki, Ağ Ev rəhbərinin məqsədi Rusiyanın “qılığına girərək” onu kompromisə razı salmaq idi. Amma bu, olmadı. Əksinə, ABŞ-la Avropa arasında münasibətlər pozuldu. Beləliklə, Vaşinqton strategiyasını dəyişdi, diktə dilinə keçdi, Moskvaya təzyiq göstərməyə başladı. Bu, özünü sanksiyaların tətbiqində və danışıqlara başlamaq üçün “son tarix”in qoyulmasında göstərdi.

08bZbRHikP1Dwhs6SRea

Kənan Novruzov

Trampın rusiyalı həmkarı Vladimir Putinə verdiyi on gün tamam olub. Bu o deməkdir ki, Vaşinqton özünün xəbərdarlıq etdiyi kimi, ciddi addımlar atmalıdır. Amma hələ ki buna risk etmir. Çünki bu, mümkün razılaşmaların üstündən xətt çəkə və daha mürəkkəb vəziyyət yarada bilər. İndiki halda Rusiya ilə münasibətlərin daha da gərginləşməsi ABŞ-a sərf etmir”.

K.Novruzov qeyd edib ki, bu günlərdə Trampın xüsusi elçisi Stiven Uitkoff Putinlə görüşüb:

“Görüşün nəticələri barədə müsbət rəylər verildi. Sonra isə Ağ Ev və Kreml rəhbərlərinin görüşəcəkləri barədə məlumat yayıldı. Ola bilsin, Uitkoffla Putin arasında görüşdə bu barədə razılıq əldə olunub. Düşünürəm ki, iki lider bir araya gəlmək barədə razılıq əldə ediblərsə, müsbət nəticə gözləyə bilərik. Əks halda sadəcə telefonla da danışa bilərdilər.

Ola bilsin, Tramp Putinə müəyyən təkliflər edəcək və ondan konkret cavab tələb edəcək. Əgər Putin bu dəfə də razı olmasa, vəziyyət mürəkkəbləşəcək. Artan gərginlik nüvə müharibəsinə qədər gedə bilər. Ancaq Ağ Ev rəhbəri bunu istəmir. O, savaşı bitirməkdə israrlıdır. Xüsusilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılıq Trampda özgüvəni artırıb. Odur ki, o, dialoqa üstünlük verməyə davam edəcək. ABŞ çalışacaq ki, nə Rusiya, nə də Avropa ilə kəllə-kəlləyə gəlsin”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: