Paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan şossesində yerləşən yeni tikilinin sonuncu mərtəbəsinə əlavə otaq-eyvan tikilib.
Globalinfo.az xəbər verir ki, görüntüləri sosial şəbəkələrdə Samirə Ağayeva paylaşıb.
Fotodan da göründüyü kimi, eyvanın kiminsə başına çökməməsi üçün divara əlavə dayaqlar vurulub.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə əlaqə saxlamağa çalışsaq da, hər zaman olduğu kimi, bu dəfə də zənglərimiz cavabsız qalıb.
Səbail Rayon İcra Hakimiyyətindən isə sorğumuza cavab olaraq bildirilib ki, dəyişiklik uzun illər əvvəl həyata keçirilib:
“Sözügedən məsələ ilə əlaqədar araşdırma aparılmış, tərəfimizdən aidiyyəti qurumlara müraciətlər ünvanlanmışdır. Araşdırmanın nəticəsi olaraq qeyd etmək istəyirik ki, çoxmənzilli yaşayış binasına olunan dəyişiklik uzun illər bundan öncə edilmişdir”.
Əməkdaşımızın “yerli nəzarət sizin tərəfinizdən həyata keçirilir, əlavə tikili vaxtilə olunubsa, niyə bununla bağlı hələ də heç bir tədbir görülməyib” sualına isə İH-dən bu suala cavab verməyəcəkləri bildirilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məsələni araşdırdıqlarını və bunun yeni olmadığını bildirdilər:
“Bununla bağlı Səbail RİH-nə müraciət edin. Çünki yerli nəzarəti rayon icra hakimiyyəti həyata keçirir”.
Zaira Akifqızı
Globalinfo.az














