Ağ Evdən gözlənilməz həmlə: 17 ildən sonra hərəkətə keçdilər – Rusiya detalı

Ağ Evdən gözlənilməz həmlə: 17 ildən sonra hərəkətə keçdilər – Rusiya detalı

ABŞ-ın 17 ildən sonra ilk dəfə Böyük Britaniya ərazisində nüvə bombaları yerləşdirməsi dünya mediasında müzakirə obyektinə çevrilib. İngiltərə Müdafiə Jurnalının məlumatına görə, bombalar ABŞ-ın Nyu-Meksikodakı Kirtland Hərbi Hava Qüvvələri bazasından Britaniyada yeni tikilmiş təhlükəsiz anbara köçürülüb. Maraqlıdır ki, nüvə silahlarının Böyük Britaniyaya qaytarılması Rusiya ilə münasibətlərin pisləşdiyi bir dövrə təsadüf edir. Analitiklər bu addımı NATO-nun Avropadakı nüvə strategiyasında ciddi bir dönüş nöqtəsi kimi qiymətləndirirlər. Rəsmi orqanlar hələlik məsələ ilə bağlı açıqlama verməyib.

ABŞ-ın Böyük Britaniyada yenidən nüvə bombaları yerləşdirməsi NATO-nun strateji xəttində hansı dəyişikliklərə işarə edir? Bu addım Rusiya ilə mümkün qarşıdurma riskini artırırmı?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, son dövrlər Avropa öz təhlükəsizliyini artırmaq üçün müəyyən tədbirlər həyata keçirir:

“Xüsusilə nüvə məsələsinə diqqət yetirilir və Böyük Britaniya bu sahədə fəal rol oynayır. Bu müddət ərzində həm Fransa, həm də Almaniya ilə nüvə silahlarının yayılmaması və müdafiə tədbirləri barədə razılaşmalar əldə olunub. Eyni zamanda, bu proses ABŞ-ın “qoca qitə”dən uzaqlaşdırılması məqsədini daşıyır. Faktiki olaraq, Böyük Britaniyanın Avropada yürüdüyü siyasət Vaşinqtonu bölgədən bir qədər təcrid edirdi. Bu siyasət Avropanın təhlükəsizliyində ABŞ-ın rolunu azaltmağa yönəlmişdi. Bu səbəbdən, Vaşinqton hərəkətə keçərək London ilə nüvə silahlarının yerləşdirilməsi üzrə razılaşmalar əldə etdi. Bu addım həm ikitərəfli mənada, həm də Avropanın təhlükəsizliyində ABŞ-ın təsirini yenidən gücləndirmək məqsədini güdürdü. Belə ki, Tramp administrasiyasının əsas siyasəti Avropanı ABŞ-ın təsir dairəsinə daha da yaxınlaşdırmaq idi”.

Ağ Evdən gözlənilməz həmlə: 17 ildən sonra hərəkətə keçdilər – Rusiya detalı

Zeynal Əmrəliyev

Politoloq qeyd edib ki, ikinci məqsəd isə bu addımın NATO-nun strategiyası ilə uyğunluğudur:

ABŞ yenidən öz missiyasını yerinə yetirərək, Avropanı Rusiya və Çinin təhdidlərindən qorumaq siyasətini həyata keçirir. Doğrudur, Pekin və Brüssel arasında münasibətlər hazırda müsbət şəkildə inkişaf edir. Lakin nəzərə alaq ki, Rusiya Avropanın təhlükəsizliyinə ciddi təhdidlər yaradır və Çin də Rusiya ilə birlikdə Şərq Blokunun üzvüdür, buna görə ABŞ-ın hərəkətlərini iki nəhəngə qarşı müdafiə strategiyası kimi qiymətləndirmək olar. Ümumilikdə, əsas məqsəd ABŞ-ın Avropanın təhlükəsizliyini təmin etməklə yanaşı, bu bölgədəki təsirini artırmaq və Avropanı öz təsir dairəsində saxlamaqdır”.

Ləman İmran
Globalinfo.az