Oliqarxların “müharibə” apardığı bazarla bağlı son xəbər – Təhlükə var

Oliqarxların “müharibə” apardığı bazarla bağlı son xəbər - Təhlükə var

Bakının Nizami rayonundakı “Vosmoy” bazarı kimi tanınan “8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bazar artıq “Riko Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəçiliyindədir. Məlumatda qeyd olunur ki, Ticarət Mərkəzi bir müddətdir “Riko” adı altında fəaliyyət göstərir.

Bildiyimiz kimi, bir neçə ay əvvəl bazarın bağlanacağı ilə bağlı xəbərlər yayılsa da, məlum olmayan səbəblərdən bu, reallaşmayıb. Adın dəyişdirilməsi isə oranın söküləcəyi ilə bağlı məsələləri yenidən gündəmə gətirib.

Bir neçə ay öncə də qeyd etdiyimiz kimi, bu ticarət mərkəzinin taleyi ilə bağlı uzun illər oliqarxlar və nazirlər arasında ciddi mübarizə gedib. Xeyli sayda insanın maliyyə itkiləri olub, bir neçəsi isə azadlığını itirib. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov, həmin nazirliyin idarə rəisi olmuş Akif Çovdarov kimi generalların bu “yüksəklik” uğrunda amansız mübarizəsi ictimaiyyətə məlumdur. Hətta “8-ci km bazarı” məsələsi Akif Çovdarovun məhkəmə iclaslarında xüsusi olaraq araşdırılıb.

Bazarın yenidən gündəmə gəlməsi və adının dəyişdirilməsi isə müəyyən narahatlıq və suallar doğurur. “Vosmoy” bazarının taleyi necə olacaq? Adı dəyişib, orda əl də dəyişibmi?

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bazar anlayışı cəmiyyətimizdə həssas mövzudur və Bakıda belə bazarların çoxu tarixə qovuşub.

Onun sözlərinə görə, “8-ci km bazarı” kimi tanınan ticarət mərkəzinin adı dəyişsə də, həmin ərazi hələ uzun illər “Vosmoy” kimi yadda qalacaq:

Oliqarxların “müharibə” apardığı bazarla bağlı son xəbər - Təhlükə var

Ramil Osmanlı

“Məsələn, “Kömürçü bazarı”, “Şüşəli bazar”, “Nəsimi bazarı” kimi bir çox bazar adları var və bu adlar hələ də yaşayır. Təbii ki, bazarın yerləşdiyi torpaq sahəsi kiminsə xüsusi mülkiyyətindədir və mülkiyyətçi bu gün bazar kimi istifadə edir. Azərbaycanda qida təhlükəsizliyi sahəsində islahatlar, bazarlarda xüsusi standartların tətbiqi kimi amillər müəyyən müddətdən sonra sahibkarların fəaliyyətini fərqli formata çevirməyə vadar edə bilər. Bundan əlavə, Bakı şəhərinin planına görə, bu ərazidə gələcəkdə yaşayış evləri və çoxmərtəbəli binaların tikilməsi mümkündür. Bunlar nəzəri ehtimallardır və konkret qərar veriləcəyi zaman müəyyən olunacaq”.

Ekspert bazarın gələcəyi ilə bağlı müzakirələrə də toxunaraq bildirib ki, bazar ətrafında uzun illər davam edən mübahisələr, məhkəmə çəkişmələri gələcəkdə bazarın köçürülməsi ehtimalını artırır:

“Bazarın fəaliyyətinin dayandırılması sahibkarların hüquqlarına toxuna bilər. Orada fəaliyyət göstərən yüzlərlə sahibkar və bazarın sahibi var. Dövlət bazarın fəaliyyətinə icazə verirsə, o, fəaliyyətini davam etdirməlidir. Lakin ərazi kifayət qədər böyükdür və böyük məbləğdə investisiya tələb edir. Ərazinin mülkiyyətçisinin yanaşmasından asılı olaraq, orada başqa sahibkarlıq fəaliyyətləri daha uğurlu ola və mülkiyyətçi buna uyğun addımlar ata bilər. Amma bunun üçün normativ hüquqi aktların tələblərinə uyğunluq şərtdir”.

Zaira Akifqızı
Globalinfo.az