Həmçinin oxuyun:

Buraxılış imtahanının nəticələri açıqlandı

imtahan 3

Azərbaycanda ildən-ilə 700 bal toplayan abitruyentlərin sayında azalma müşahidə olunur. Məsələn, bu il keçirilən I cəhd blok imtahanlarının nəticələri də bunu sübut edir. Bildirilir ki, bu, narahatlıq doğuran tendensiyadır.

Səbəblər nələrdir? Niyə 700 bal toplayanların sayı azalıb?

Globalinfo.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, ilkin nəticələrdə maksimal bal toplayan abituriyentin olmaması təəssüf doğurur:

“Qarşıda ikinci cəhd blok imtahanları dayanır. 6 iyunda II və III qrup imtahan verdi, 13 iyulda isə I və IV ixtisas qrupları üzrə bu, baş tutacaq. Yekun nəticədən sayla bağlı dəqiq nəsə demək olar. Amma 700 bal toplayanların sayının azalması tendensiyasını anlamaq üçün biz 6 il əvvələ qayıtmalıyıq. 2019-cu ildən yeni qəbul imtahanı modeli tətbiq olunmağa başladı. Bu model əsasında həm buraxılış, həm də blok imtahanlarında abituriyentlərə açıq yazılı cavab tələb edən suallar verildi. İlkin imtahanlarda yüksək nəticə göstərən abituriyent olmadı. Hər il yüksək bal toplayanların sayı azalır. 2019-cu ildən bu yana 3 abituriyent maksimal nəticə əldə edib.

Təəssüf ki, 2020 və 2021, 2023-cü illərdə yüksək bal toplayan abituriyent görmədik. Maksimal bal toplayanlar yalnız 2022 və 2024-cü illərdə olub. Test üsulu ilə keçirilən qəbul imtahanlarında son iki il ərzində cəmi 114 nəfər maksimal nəticə göstərib. Ümumiyyətlə, 1993-cü ildən 2007-ci ilə qədər 700 bal toplayanlar qeydə alınmayıb. Yalnız 2007-ci ildən etibarən demək olar ki, hər il ən azı 2, bəzən isə 15 nəfər abituriyent maksimal nəticə göstərib. Ən yüksək göstərici isə 2018-ci ilə təsadüf edir – 29 nəfər 700 bal toplayıb”.

elcin 2

Elçin Əfəndi

Ekspert bildirib ki, yeni imtahan modeli abituriyentlərə çətinliklər yaradıb:

“Xüsusilə açıq yazılı cavab tələb edən suallar abituriyentlərdə müəyyən narahatlıq doğurub. Nəticədə, maksimal nəticə göstərənlərin sayında azalma müşahidə olunmağa başladı. Abituriyentlər hələ açıq suallara tam adaptasiya ola bilməyiblər. Tövsiyə edirəm ki, abitruyentlər açıq yazılı suallardan çəkinməsinlər və onlara da eyni məsuliyyətlə yanaşsınlar. Çünki bu suallar həm də düşünmə və ifadə qabiliyyətini ölçür”.

Qeyd edək ki, 2025‑ci ildə Azərbaycanda ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin sayı təxminən 130 mindən çox olub.

Ləman Hüseynzadə
Globalinfo.az

Paylaş: