Kreml

Rusiya-Azərbaycan münasibətlərində son aylar müşahidə olunan ziddiyyətli dinamika fonunda maraqlı bir zamanlama diqqət çəkir. Moskvanın deputat Azər Badamovu ölkəyə buraxmaması Rusiya Pravoslav Kilsəsinin rəhbəri, Patriarx Kirillin Bakıya səfəri ilə təxminən eyni vaxta təsadüf edir.

Ekspertlərin fikrincə, Rusiya daxilindəki bəzi güc mərkəzləri, xüsusilə də hökumətdə öz maraqları ilə hərəkət edən dairələr, Bakıya olan münasibətdə vahid xətt yürütmür. Patriarx Kirillin səfəri dinlərarası dialoq və ikitərəfli münasibətlərin yumşaldılması məqsədi daşısa da, paralel şəkildə həyata keçirilən bu cür rüsvayedici hadisələr Moskvanın Bakıya qarşı ikili oyun oynadığı təəssüratını yaradır.

Beləliklə, Badamova qarşı bu davranış sadəcə fərdi qərardır, yoxsa patriarxın səfərinə kölgə salmağa yönəlmiş daha geniş siyasi mesajın tərkib hissəsidir?

Globalinfo.az-a danışan politoloq Züriya Qarayeva deyib ki, Azər Badamovun saxlanılması və deport olunması məsələsinin patriarxın səfəri ilə əlaqələndirilməsi müəyyən mənada mümkün ola bilər:

“Çünki zamanlama belə bir şübhə doğurur. Ancaq digər tərəfdən, bu qanunsuz əməli icra edən dövlət Rusiyadır. O ölkədən bu səpkidə addımlara artıq alışmışıq.

zuriye qarayeva
Züriyə Qarayeva

AZAL-ın təyyarəsinin vurulmasının ardınca diplomatik pasporta malik, toxunulmazlığı olan, hüquqları həm də beynəlxalq konvensiyalar çərçivəsində qorunan millət vəkilinə qarşı belə bir reaksiyanın verilməsi, Moskvanın diplomatik münasibətlərə xələl gətirmək niyyətində olduğunu göstərir.

Ümumiyyətlə, bu, olduqca absurd ittihamdır. Əgər səbəb həqiqətən Azər Badamovun fəaliyyəti ilə bağlıdırsa, nəyə görə onlara səfər edən şəxslərin siyahısı verilərkən öncədən bildiriş təqdim etmədilər? Deməli, məqsəd sadəcə qarşıdurma mənzərəsi yaratmaqdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: