Biləsuvar rayonunda ov tüfəngindən açılan atəş nəticəsində 57 yaşlı kişi ölüb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.
1968-ci il təvəllüdlü İqbal Bəhlul oğlu Bağırov yaşadıqları evin həyətində ov tüfəngi ilə açılan atəş nəticəsində xəsarət alıb.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının xəsarəti ağır olduğundan, həkimlər onun həyatını xilas edə bilməyib.
Qafqazinfo-nun məlumatına görə, 1968-ci il təvəllüdlü İqbal Bağırov evinin həyətində oğullarının mübahisəsinə əsəbiləşib. Daha sonra o, ov tüfənginin qundağını yerə çırpıb. Bu zaman açılan atəş onun ölümünə səbəb olub.
İ.Bağırov Biləsuvar rayonunda yerləşən pambıq zavodlarının birində mexanizator kimi çalışırmış. O, hadisə baş verən kəndin icra nümayəndəsinin qardaşıdır.
Faktla bağlı araşdırma aparılır.














