Son vaxtlar Rusiya ilə İran arasında yaxınlaşma diqqət çəkir. Belə ki, yanvarın 17-də iki ölkə arasında bağlanmış 47 maddəlik strateji sazişin tərəflərin münasibətlərini normallaşdırmaq istiqamətində atılan addım kimi dəyərləndirilir. Bu da özlüyündə müəyyən sualların yaranmasına səbəb olur.
Moskva ilə Tehran arasında nə kimi yaxınlaşma gedir? Bunu həm də Azərbaycan əleyhinə təşkilatlanma kimi qiymətləndirmək olarmı?
Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, Rusiya və İran arasında imzalanan müqavilə uzun illərdir ki, Moskvanın Tehranı özünə bağlamaq cəhdidir:
“Rusiya ilə İran tarixən heç vaxt müttəfiq və tərəfdaş olmayıb. İran müqaviləni çarəsizlikdən imzalayır. Çünki Tehran hakimiyyəti nüvə proqramına, Yaxın Şərq və beynəlxalq aləmdə yürütdüyü siyasətə, Qərbə, İsrailə qarşı atdığı addımlara görə, Qərbin sanksiyaları ilə üzləşir. Bundan yan qaçmaq üçün Rusiya ilə müttəfiqlik etmək istəyir.
Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsinin imzalanmamasının digər səbəbi isə hərbi məsələ ilə bağlıdır. Çünki Rəsmi Moskva bundan öncə, Şimali Koreya və Vyetnamla oxşar müqavilələr imzalayıb. Bu müqavilələr əsasında Şimali Koreyadan gələn döyüşçülər indi Rusiya tərəfindən Ukraynaya qarşı vuruşur”.
Sədrəddin Soltan
Politoloqun sözlərinə görə, İran analoji müqavilənin imzalanmasına qarşı çıxırdı:
“Öz hərbçilərinin Rusiyada vuruşmasını istəmirdi. Bununla belə digər sahələrdə iqtisadi, neft-qaz sektorunda əməkdaşlıq həmin müqavilədə nəzərdə tutulub. O müqavilədə qeyd edilən nüanslardan biri də Rusiya təbii qazının İrana nəql edilməsidir. Bunun üçün Moskva və Tehran həmin xəttin Azərbaycandan tranzit xətlə İrana keçirilməsinə razılaşıblar.
İranla Rusiya arasında “Şimal-Cənub” dəhlizini Azərbaycan dəstəkləyir.Yəni Tehran və Moskva arasında iqtisadi əməkdaşlıq indiki şərtlər daxilində Azərbaycanın ziyanına deyil. Odur ki, Azərbaycanla Rusiya aradında siyasi məsələlərə dair problemlər də zaman-zaman həllini tapacaq”.
Safura Bənnayeva
Globalinfo.az