“Ümid edirəm ki, Rusiya heç bir şəkildə seçkilərimizə müdaxilə etməyə çalışmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu hakim partiyadan olan erməni deputat Sarkis Xandanyan deyib.
O bildirib ki, bəzi xarici qüvvələrin Ermənistanın daxili siyasi həyatına müdaxilə etmək cəhdləri istisna deyil.
Bu müdaxilənin Rusiyaya aid olub-olmaması ilə bağlı suala Xandanyan belə cavab verib:
“Ümid edirəm ki, Rusiya tərəfdaş ölkə, eləcə də Ermənistanın suverenliyini pozmadığını və ona hörmət etdiyini bəyan edən dövlət kimi, seçkilərimizə müdaxiləyə cəhd göstərməyəcək. Biz tərəfdaşlarımızdan hər cür dəstəyi gözləyirik. Bu, ölkənin sabitliyi və təhlükəsizliyi baxımından vacibdir. Hesab edirik ki, bu gündəmlə irəli getməliyik. Əks halda bu məsələlər problemli olacaq və yeni situasiyalar yaradacaq”, – deyə Xandanyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az