ABŞ-da yeni seçilmiş Prezident Donald Trampın andiçmə mərasimi üçün görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu, Trampın həyatına real təhlükə və ya sui-qəsd ehtimalı ilə bağlı xəbərlərin yayılmasına səbəb olub. “Amerikanın səsi” yazır ki, ərazidə qala kimi müvəqqəti hasarlar quraşdırılıb. Həmçinin 25 min hüquq-mühafizə işçisi və yüz minlərlə tamaşaçını qəbul etmək üçün yoxlama məntəqələri yaradılıb.
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, görülən tədbirlər təbiidir, çünki Trampa bundan əvvəl bir neçə dəfə sui-qəsd təşkil edilib:
“Tramp ABŞ siyasətində radikal qərarlar verən şəxsdir. Onun verəcəyi və artıq elan edilmiş bəzi qərarlar xariclə bərabər, daxildə də bəzi qrupların mənafeyinə toxunacaq. Onlar Trampı bu yoldan çəkindirmək və ya fiziki cəhətdən məhv etmək üçün sui-qəsdlər təşkil edirlər.
Zeynal Əmrəliyev
Seçki kampaniyası dövründə də Tramp bir neçə dəfə hücuma məruz qaldı. Bunun inaqurasiya mərasimində də olma ehtimalı böyükdür. Buna görə də təhlükəsizlik tədbirləri gücləndirilib. Biz əvvəlki dövlərlərdə də ABŞ siyasətçilərinə hücumların şahidi olmuşuq. ABŞ tarixində dəfələrlə prezidentlərə sui-qəsdlər edilib. Keçən əsrdə dünya siyasətində böyük çəkiyə malik sabiq prezident Con Kennedinin öldürülməsi (1963) göstərdi ki, dünyanın supergücünün rəhbərləri bu kimi hücumdan sığortalanmayıblar”.
Politoloq qeyd edib ki, Tramp təkcə mərasim zamanı deyil, səlahiyyət müddəti ərzində ciddi şəkildə mühafizə ediləcək:
“Nəzərə alaq ki, hazırda dünyanın geosiyasi vəziyyəti gərgindir. ABŞ soyuq müharibə dövründən sonra ilk dəfə Şərq bloku ilə bu şəkildə qarşı-qarşıya gəlib. Buna görə də təhlükəsizlik tədbirlərinin gücləndirilməsi anlaşılandır”.
Turan Rzayev
Globalinfo.az