aksiya 2

“Beyz Metals” şirkəti Qarabağdakı “Dəmirli” mis-molibden mədəninin fəaliyyətini ekspertiza başa çatana qədər dayandırmaq qərarına gəlib.
Globalinfo.az erməni KİV-lərinə istinadən xəbər verir ki, şirkətin bəyanatında deyilir ki, ekoloji ekspertiza üçün beynəlxalq təşkilatlara müraciət etmək qərara alınıb.

Müraciət ən qısa zamanda araşdırılması üçün BMT-nin müvafiq strukturlarına və aidiyyəti beynəlxalq təşkilatlara göndərilib.

“Valleks” şirkətlər qrupuna daxil olan ”Beyz Metals” QSC 7 avqust 2002-ci ildə təsis edilib və Qarabağda fəaliyyət göstərir. Şirkət Qarabağda “Dəmirli” mis-molibden yatağını istismar edir.

Mövzu ilə bağlı politoloq Əlimusa İbrahimov Globalinfo.az-a şərhində bildirib ki, əslində, bu şirkət dekabrın 12-dən fəaliyyətini dayandırmışdı:

“Çünki oradan çıxarılan filizin emal olunmaq üçün Ermənistana gedən yolları Azərbaycanın ekoloqları və QHT fəalları tərəfindən bağlanılmışdı.
Xam torpaq dəmir filizindən ayrılmaq üçün Ermənistana göndərilib, orada saflaşdırılırdı. Ruben Vardanyan və onun komandasının hay-küy qaldırmasının əsl səbəbi də elə filizi Ermənistana apara bilməməsi üzündən idi, yoxsa Xankəndi və onun ətrafında yaşayan erməni tör-töküntülərinin guya humanitar blokadaya alınması onun vecinə deyildi”.

Politoloq qeyd edib ki, dəmir yükləri daşımaq üçün Laçın yolunu açmaq istiqamətində atılan bütün addımlar nəticəsiz qalandan sonra sözügedən şirkət “Dəmirli” yatağında fəaliyyətin dayandırıldığını elan etməyə məcbur oldu:

“Guya “müvəqqəti”, guya Beynəlxalq Millətlər Təşkilatı və digər monitorinq təşkilatlar ekspertizasını başa vurana qədər. Amma bu barədə verilən press-relizdə hansı beynəlxalq monitorinq və ekologiya təşkilatının Azərbaycan torpağında Azərbaycanın icazəsi olmadan ekspertiza aparmağa cürət edəcəyi barədə məlumat yoxdur. Deməli, “Beyz Metals”ın dəllalları heç bir təşkilata bu barədə müraciət etməyib. Sadəcə onlar “Dəmirli” yatağında fəaliyyətin dayandırılmasını Azərbaycan ekologiya işçiləri və QHT fəallarının təzyiqi nəticəsində baş verdiyini etiraf edə bilmirlər. Çünki bu etirafla özlərinin Qarabağ iqtisadi rayonunda apardıqları bütün fəaliyyətin sona çatmasını təsdiq etmiş olardılar”.

Ekspertin fikrincə, bu yataqda fəaliyyətin dayandırılması erməni tərəfindən “müvəqqəti” hal kimi dəyərləndirilə bilər, amma bizim üçün bunun çox böyük əhəmiyyəti var:

“Dekabrın 12-dən bu günə qədər bir qrup Vətən oğlumuzun apardığı dinc mübarizə nəticəsini verdi. Deməli, bizim işimiz haqq işidir və bu qələbə bizi Xankəndiyə qədər aparıb çıxaracaq. Biz doğru yoldayıq. Orada növbə çəkən oğullarımızın sırası daha da gücləndirilməlidir. Bu gün Laçın dəhlizi bizim mübarizə meydanımızdır”.

Ə.İbrahimov bildirib ki, “Beys Metals”ın fəaliyyətinin dayandırılması Ermənistan iqtisadiyyatı və təbliğat maşını üçün ciddi bir zərbə oldu:

“Mədənlərdə çalışan iki mindən yuxarı, həm də xaricdən gətirilən işçilər ya Ruben Vardanyanın hesabına dotasiya alaraq məzuniyyətə göndərilməli, ya da oranı tərk edib ölkələrinə qayıtmalıdırlar. Onlar Vardanyan üçün boynundan asılan yükə çevriləcək. Oradan aparılan xam torpağın saflaşdırılması ilə məşğul olan Ermənistandakı zavodlarda çalışan işçilər də məcburi məzuniyyətə buraxılmalı və mədənlərin yenidən “fəaliyyətə” başlamasını gözləməlidirlər”.

O qeyd edib ki, erməni tərəfi mədənlərdə fəaliyyətin dayandırılması ilə bağlı yaydığı nekroloqda Azərbaycan ekologiya və QHT fəallarının bu məsələdə əsas rol oynadığını təsdiq etməli olub:

“Boyunlarına alırlar ki, Azərbaycan tərəfinin apardığı davamlı təbliğat sayəsində mədənlərin fəaliyyətini davam etdirmək mümkün deyil. Deməli, xaricdəki himayədarları da yardım edə bilmədilər. Vardanyanın milyonları havaya səpələndi.

Mədənlər fəaliyyətini çoxdan dayandırmışdılar, lap 12 dekabrdan. Sadəcə elan etmək və beləliklə də uduzmaq faktını təsdiq etmək qalırdı. Nəhayət, özlərində qüvvə tapıb bunu etdilər. Amma dünən yayılan nekroloqun mətni üzərində çoxdan işləyirdilər. Necə etsinlər ki, uduzduqları ciddi nəzərə çarpmasın”.

Politoloq sonda əlavə edib ki, belə nekroloqları hələ ermənilərdən çox eşidəcəyik və bu davamlı olacaq:

“Ruben Vardanyan və onun komandasının Xankəndini də “müvəqqəti” tərk edəcəyi gün də uzaq deyil. Bu arada, ekologiya monitorinq qrupu və QHT fəallarına Azərbaycanın müxtəlif rayonlarından yeni qüvvələr qoşulub. Orada yeni ili qarşılamaq üçün yolka da qurulub. Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və 2023-cü ili bu dəfə Şuşa və Laçında keçirəcəyik. Görüş yerimiz Laçın dəhlizi!”

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: