Gürcüstanda prezident seçkiləri başa çatdı

Gürcüstanda prezident seçkiləri başa çatdı

Gürcüstan parlamentində keçirilən prezident seçkiləri başa çatıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qaydalara əsasən, səsvermə başa çatdıqdan sonra MSK-nın iclası keçiriləcək və nəticələr hesablanacaq, müvafiq yekun protokol tərtib olunacaq.

MSK nümayəndələri daha sonra parlamentin iclas zalına qayıdaraq prezident seçkilərinin nəticələri barədə ictimaiyyəti məlumatlandıracaqlar.

Qeyd edək ki, seçkilərdə yeganə namizəd hakim “Gürcü Arzusu”nun təqdim etdiyi Mixail Kavelaşvilidir.

***12:26

Gürcüstanda prezident seçkiləri baş tutub, belə ki, səsvermədə seçicilərin yarısından çoxu iştirak edib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natiya İoseliani brifinqdə bildirib.

“Saat 11:30-a seçicilər kollegiyasının 170 üzvü artıq prosesdə iştirak edib.

Seçkilər baş tutub, çünki seçicilər kollegiyasının tam tərkibinin yarısından çoxu artıq iştirak edib”, – o deyib.

Qeyd edək ki, kollegiya 300 seçicidən ibarətdir.

***09:20

Gürcüstan parlamentində prezident seçkisi başlayıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, səsvermə 14:00-a qədər davam edəcək.

İclas zalında artıq səsvermə üçün xüsusi seçki qutuları quraşdırılıb.

Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, yeni prezident deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək. İlk turda səslərin üçdə ikisini qazanan namizəd qalib gəlmiş hesab olunacaq.

Gürcüstan prezidentliyinə yeganə namizəd isə deputat, Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu Mixail Kavelaşvilidir.

Xatırladaq ki, Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvilinin səlahiyyət müddəti dekabrın 16-da başa çatır. Buna baxmayaraq, o, dövlət başçısı kimi səlahiyyət müddəti bitdikdən sonra prezident sarayını tərk etməyəcəyini bildirib.