“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov futbolçusu Rəhim Sadıxovla mübahisə edib.
Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, hadisə “Neftçi”yə əlavə vaxtda 1:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda baş verib.
110-cu dəqiqədə “qartallar”ın oyunçusu Hamidu Keyta penaltidən yararlana bilməyib. Bundan əvvəl onun komanda yoldaşı Sadıxov 11 metrlik zərbəni yerinə yetirmək istədiyi üçün əsəbiləşib. Boşa verilən penaltidən sonra 40 yaşlı mütəxəssis Azərbaycan millisinin üzvünü əvəzləyib.
Rəşad Sadıqov matçdan sonra təşkil olunan mətbuat konfransında oyunçunu buna görə meydandan çıxardığını söyləyib.
Baş məşqçi “klub daxilində futbolçuya cəza veriləcəkmi”, – sualını bu cür cavablandırıb:
“Bu barədə düşünəcəyik. İsti-isti cavab vermək istəmirəm”.
***
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Globalinfo.az xəbər verir ki, sonuncu oyunda “Neftçi” “Zirə”ni qəbul edib.
“Bakcell Arena”dakı qarşılaşma “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə bitib. Əsas vaxtda “Neftçi”nin qollarını 3-cü dəqiqədə Yeqor Boqomolski, 45+1-ci dəqiqədə Emin Mahmudov vurub. 89-cu dəqiqədə Loris Bronyo fərqi azaldıb.
İlk görüşdə “qartallar” 1:0 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub. 95-ci dəqiqədə Kenni Sayefin qolu sayəsində meydan sahibləri mərhələ adlayıblar. 110-cu dəqiqədə “Zirə”nin futbolçusu Hamidu Keyta penaltidən yararlana bilməyib. Son dəqiqələrdə isə qonaq komandanın iki oyunçusu Təmkin Xəlilzadə və Hacıağa Hacılı ikinci sarı vərəqəni alaraq meydandan qovulublar.
“Neftçi” yarımfinalda “Turan Tovuz”la üz-üzə gələcək. Bu raundun digər cütündə “Qəbələ” və “Səbail” komandaları görüşəcəklər.
Yarımfinallar 2023-cü il aprelin 19 və 27-də baş tutacaq.