“İqtidarla dialoqu deputat olmaq üçün aparmırdıq” – Tural Abbaslı 

“İqtidarla dialoqu deputat olmaq üçün aparmırdıq” – Tural Abbaslı 

Parlament seçkilərində müxalif partiya sədrlərinin mandat ala bilməmələri bir sıra məsələləri önə çıxarıb. Belə ki, parlamentdən kənarda qalan müxalifətin iqtidarla dialoqu dayandıracağı iddia edilir. 

Maraqlıdır, müxalifət iqtidarla dialoqu dayandıracaq, yoxsa davam edəcək?

Onların yaxın gələcək üçün plan və xüsusi proqram varmı? 

Globalinfo.az-a danışan AĞ Partiya sədri Tural Abbaslının fikrincə, parlamentə keçməklə dialoqun xüsusi bir əlaqəsi yoxdur.

Onun sözlərinə görə, dialoq parlamentə girə bilmək və ya girə bilməmək üçün təşkil olunmayıb:

“Dialoq Azərbaycandakı siyasi mühitin və siyasi münasibətlər sisteminin yaxşılaşdırılması, iqtidar-müxalifət ünsiyyətinin normallaşdırılması, ümumi müzakirə platformalarının yaradılması üçündür. Siyasi partiyalar və qanunvericiliklə iş şöbəsi yaranandan bu günə qədər bu sahədə kifayət qədər iş görülüb və AĞ Partiya da həmin proseslərin ən öndə olan iştirakçılarından biridir. Baxmayaraq ki, bu il parlamentə düşmədik, amma bunu dialoq prosesi ilə əlaqələndirmirik. Biz bu dialoqun davamının və inkişaf edirilməsinin tərəfdarıyıq, bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk”.

Tural Abbaslı dünən Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşdən söz açıb:

“Görüş zamanı bu məsələlər orada bir daha müzakirə olundu. Biz də, onlar da öz fikirlərimizi dedik. Yəni proses davam edir və etməlidir. İqtidar və müxalifətdə kimin olmasından asılı olmayaraq, proses daim davam etməlidir. Çünki bir dövlətin iqtidarı ilə müxalifətinin ünsiyyətdə olmasından, fikir mübadiləsi aparmasından təbii heç nə ola bilməz. Sadəcə, Azərbaycanda bu münasibətləri o qədər düşmən səviyyəsinə gətirən qüvvələr olmuşdu ki, indi bu, qəribə səslənir. Mən yenidən iqtidar və müxalifətin dialoqunun ATƏT-in və ya başqa dövlətin səfirliklərinin təşkil etdiyi dönəmlərə qaydılmasının tərəfdarı deyiləm. Eyni dövlətin iqtidarını və müxalifətini ATƏT, ya da səfirliklər bir araya gətirməli deyil. Lazım olanda özləri bir-biriləri ilə ünsiyyətə keçib, fikir mübadiləsi aparıb, bir-birlərinə fikirlərini bildirə biləcək mühit olmalıdır. Şükür ki, hələ o mühit var. Güman edirəm, daha da inkişaf edər”.

Zaira Akifqızı
Globalinfo.az