Ermənistanda daxili siyasi gərginliyin getdikcə daha çox pozulduğunun şahidi oluruq. Bir tərəfdən də hakimiyyət çevrilişinin olacağı ilə bağlı iddialar səsləndirilir. Heç şübhəsiz, burada da hədəf kimi Rusiya göstərilir. Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da açıqlamasında bu iddiaları rədd etmiş, rəsmi Moskvanın belə bir addım atmayacağını bildirmişdi.
Rusiya gerçəkdən Ermənistanda hakimiyyət çevrilişi edəcəkmi?
Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiyanın nəzəri baxımdan Ermənistanda hakimiyyət çevrilişi etməsi mümkündür:
“Ermənistan üzərində təsir imkanları çox olan Rusiyanın hakimiyyət çevrilişinə də gücü çatar. Rəsmi İrəvanda Kremlin casus şəbəkəsinin olması istisna deyil. Qərb hələ də bu casus şəbəkələrini təmizləyə bilməyib. Gümrüdə yerləşən 102-ci hərbi bazadakı hərbçilər konkret təlim aldıqları halda çox rahatlıqla hakimiyyət çevrilişi edə bilərlər. Bu proses baş tutarsa, elə bir formada keçiriləcək ki, birbaşa Rusiya hədəf alınmayacaq. Rusiya hakimiyyət çevrilişini daha sakit, gizli formada reallaşdıracaq”.
Kənan Novruzov
Kənan Novruzovun sözlərinə görə, İrəvan-Moskva arasındakı mövcud gərginlik perspektivdə Rusiyanın Ermənistanda hakimiyyət çevrilişi edəcəyindən xəbər verir:
“Ermənistan Baş naziri Nikol Paşinyan Qərbin də diqtəsi ilə son vaxtlar Rusiyaya meydan oxumağa başlayıb. Paşinyan Putini təngə gətirib. Kreml buna görə Ermənistanda özünə yaxın adamı hakimiyyətə gətirməyə çalışacaq. Bu yaxınlarda İrəvanda hakimiyyətə çevriliş cəhdi olmuşdu. Bunun Qərbin oyunu, şousu olduğunu istisna etmirəm. Rusiyanı pis vəziyyətdə qoymağa çalışırlar. Qərbin Paşinyanın təhlükəsizliyinə zəmanət verməsinə baxmayaraq Nikol sui-qəsd cəhdinin olması da mümkündür. Kreml Paşinyanın qələmini qırıb”.
Safura Bənnayeva
Globalinfo.az