Sentyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın üçüncü iclası keçirilib. İclasda Ortaq Türk Əlifbasının tətbiq olunması təklif edilib. Bu təklif ictimaiyyətdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Ortaq əlifbanın hansı üstünlükləri olacaq? Orta Asiya türkləri arasında ortaq dil əsasən ruscadır. Azərbaycandan olan soydaşları ilə də əksər vaxt rus dilində ünsiyyət yaradılır. Bu amili nəzərə alsaq, ortaq əlifba işlək mexanizmə çevrilə biləcəkmi?
Mövzunu Globalinfo.az-a şərh edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini Baba Məhərrəmlinin sözlərinə görə, Ortaq Türk Əlifbasının yaradılması məsələsi türkdilli dövlətlərin ən prioritet məsələlərindən biridir.
Onun fikrincə, istər Azərbaycan, istərsə də Türkiyə dövlətinin siyasəti türk xalqlarının inteqrasiyası məsələsinə önəm verir:
Baba Məhərrəmli
“Ortaq əlifbanın yaradılması türk xalqları arasında inteqrasiyanı gücləndirmiş olacaq, gələcəkdə onlar arasında əlaqələrin güclənməsinə gətirib çıxaracaq. Yəqin ki, bundan sonra bu əlifba ilə ortaq dərsliklər, terminoloji lüğətlər nəşr olunacaq. Bu isə türk xalqlarının gələcəkdə birləşməsi məsələsini sürətləndirəcək. İşin ən böyük praktik əhəmiyyəti budur. Yəni türk xalqlarının gələcəkdə də birliyinin möhkəmləndirilməsi ideyasına xidmət edən bir missiyadır”.
B.Məhərrəmli deyib ki, ortaq ünsiyyət dilinin hansı olacağı məlum deyil:
“Ortaq dil bir dilin əsasında ola bilər. Məsələn, vaxtilə türk xalqları bir-biri ilə rus dilində əlaqə yarada bilirdilərsə, bundan sonra Türkiyə türkcəsi ilə ortaq ünsiyyət qura bilərlər. Lakin ortaq əlifba tətbiqi ortaq ünsiyyət dili ilə müqayisədə daha realdır. Təbii ki, bu, bir az zaman tələb edir, amma proses tədricən sürətlənəcək. Bu, türk xalqlarının birliyinə xidmət edən missiyadır”.
Zaira Akifqızı
Globalinfo.az














