“Ukraynada SOCAR-n boykot edilməsi ilə bağlı kampaniya başlayıb. Buna səbəb Azərbaycan şirkətinin “Qazprom”la strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılaşma əldə etməsidir”.
Bu fikirləri Globalinfo.az-a politoloq Asif Nərimanlı Ukraynada SOCAR-ın boykot edilməsi tələbini şərh edərkən deyib.
Onun sözlərinə görə, SOCAR-a qarşı boykotda maraqlı olan qüvvələr var:
“Bu gün Ukrayna hakimiyyəti sözügedən addımı ilə Azərbaycana təzyiq etməyə çalışır. İstisna deyil ki, burada Aİ-nin də rolu var. Rusiya qazının Ukrayna üzərindən Avropaya çatdırılması məsələsi bu il başa çatacaq. Avropa İttifaqının Azərbaycandan əsas xahişi bu prosesdə vasitəçilik etməsidir. Azərbaycanın da Aİ və Ukraynanın maraqlarından çıxış etməsi ehtimalı yüksəkdir. Aİ Rusiya qazının 2025-ci ildə də Ukrayna üzərindən köçürülməsini davam etdirmək niyyətində olsa da Kiyev bu tranziti dayandırmaq istəyir. SOCAR üzərindən Bakıya təzyiq etməklə, əslində bu vasitəçilikdən imtinasını hədəfləyir. Digər tərəfdən Türkiyədə də SOCAR-a qarşı proses baş vermişdi. Ümumiyyətlə, enerji müharibəsində maraqlı olan tərəflər var. Buna Avropa enerji bazarındakı, enerji resurslarını Avropa bazarına çıxartmaq istəyən qüvvələr daxil edilə bilər”.
Politoloqun sözlərinə görə, SOCAR-ın müharibə vaxtı pulsuz yanacaq verməsindən tutmuş, Ukraynada fəaliyyətinin bu ölkəyə verdiyi iqtisadi xeyirlərinə qədər (ən böyük vergi ödəyicilərindəndir) bir çox məsələni qeyd etmədən bir məqama diqqət çəkmək lazımdır:
Asif Nərimanlı
“Müharibəyə rəğmən, Rusiya qazı hələ də Ukrayna ərazisindən keçərək, Avropaya çatdırılır və bundan “Qazprom” böyük pullar qazanır, rəsmi Kiyev də tranzit haqqı alır. O zaman, nə üçün bu tranzitin ləğv edilməsi tələb olunmur?!
Tranzitin dayandırılmamasını “5 illik müqavilə” ilə izah edirlər. Necə olur ki, Ukrayna Avropanın enerjisiz qalmaması, həm də tranzit haqqı qazanmaq üçün müharibə apardığı Rusiya ilə müqavilənin şərtlərinə əməl edir, Azərbaycandan isə əməkdaşlığı kəsməyi istəyirlər?!
Rusiya qazının Ukraynadan keçərək, Avropaya daşınması ilə bağlı razılaşma bu ilin sonunda başa çatacaq. Avropa İttifaqı isə müqavilənin ən azı 2025-ci ilin sonuna qədər uzadılmasını istəyir və məlumatlara görə, bunun üçün Azərbaycandan Rusiya ilə danışıqlarda vasitəçilik etməsini xahiş edirlər.
Bütün bunların fonunda SOCAR-ın “Qazprom”la əməkdaşlığa qarşı başlanan kampaniyadan bir nəticə çıxır: Ukrayna özünün etmədiyini Azərbaycanın etməsini istəyir”.
Safura Bənnayeva
Globalinfo.az