ukrayna esir

“Financial Times” nəşrinin məlumatına görə, Ukrayna hökuməti Kurskda keçirilən əməliyyatlar zamanı hər iki tərəfdən əsir düşmüş döyüşçülərin mübadiləsi üçün Rusiya ilə danışıqlara başlayıb.

Məlumata görə, Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets Rusiyanın ombudsmanı Tatyana Moskalkova ilə mübadilənin detallarını müzakirə edib. D.Lubinets bunu təsdiqləsə də, T.Moskalkova münasibət bildirməyib. Ukrayna nümayəndəsi rusiyalı həmkarı ilə müzakirəni ümidverici adlandırıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi mübadilə ilə bağlı hazırlıq görüldüyünü təsdiq edib.

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, bu görüş müharibənin gələcəyi baxımından elə də ciddi nəticəni özündə ehtiva etmir:

“Görüşün texniki detalları ilə bağlı məlumat hələlik bəlli deyil. Yəni nələr tam müzakirə edilib, tərəflərin bir-birinə cavabı necə olub – bunu zaman göstərəcək. Ümumiyyətlə,  Kremlin Kursk basqınına cavabı gözlənilir. Amma müharibənin Rusiya üçün ən problemli tərəfi hakimiyyətlə xalq arasında fikir ayrılığıdır.

Ukrayna çalışır ki, rus xalqı ilə Putin hakimiyyəti arasında narazılığı artırıb uçurum yaratsın, daxildə etirazlar başlasın. Bu, indiki məqamda elə də real deyil, çünki daxildə narazılıq olsa da, aksiyalar səbəb olacaq səviyyədə deyil”.

Eziz Elibeyli

Əziz Əlibəyli 

Ekspert düşünür ki, Ukraynanın Kurska hücumu ciddi səhvdir:

“Çünki Rusiya ərazisi çox böyükdür. Yəni bu ölkəni işğal etmək ya da bu istiqamətdə nəsə etmək elə də real deyil. Tarixdə buna bir neçə dəfə cəhd edib bacara bilməyən şəxslər olub.

Tərəflər arasında sülh indiki məqamda real deyil. Razılığa gəldikdə isə bu da hələ ki mümkün görünmür. Rusiya bərk qəzəblidir. Bu qəzəbini yaxın günlərdə hiss etdirəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: