
Ötən gün Qəbələnin Zarağan kəndindəki restoranların birində keçirilən toydan sonra 55 nəfər zəhərlənib.
Həmin restoranı işlədən Pərviz Kərimov bildirib ki, istifadə edilən bütün qida məhsulları toy yiyəsi tərəfindən gətirilib və hazırlanıb.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:
***12:26
Qəbələdə yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində 55 nəfər zəhərlənib, araşdırma aparılır.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.
“Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub”, – deyə məlumatda qeyd edilib.
***11:45
Qəbələ rayonunda baş verən kütləvi zəhərlənmə ilə bağlı 55 nəfər Qəbələ Rayon Mərkəzi Xəstəxanası müraciət edib.
Globalinfo.az xəbər verir ki, bu məlumat Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilib.
“Avqustun 15-i saat 19:00-dan başlayaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər (21 kişi, 34 qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 51 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 3 nəfərin (1 kişi, 2 qadın olmaqla) müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. 1 nəfərin isə (qadın cinsli) müalicəsi Təcili yardım şöbəsində davam etdirilir və vəziyyəti stabil olaraq qiymətləndirilir”.
***10:11
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
X X X
Qəbələ rayonunda kütləvi zəhərlənmə baş verib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, zəhərlənmə rayonda şadlıq sarayında keçirilən toyda baş verib.
Ümumilikdə 51 nəfərin qidadan zəhərləndiyi bildirilir.
Faktla bağlı araşdırma gedir.














