Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsəd arasında görüşün avqustda Moskvada baş tutacağı ilə bağlı fikirlər səsləndirilirdi. Lakin Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi bildirib ki, Türkiyə və Suriya prezidentləri arasında Moskvada planlaşdırıldığı iddia edilən görüşlə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
Görüş haqqında yayılan xəbər nə üçün radikal şəkildə təkzib edildi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Türkiyə və Suriya arasındakı ilkin görüşlərlə bağlı müsbət nəticə əldə olunmayıb:
Zeynal Əmrəliyev
“Türkiyənin barışmaq üçün irəli sürdüyü müəyyən şərtlərin Suriya tərəfindən qəbul edilməməsinin Prezident Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsədlə görüşdən imtinasına səbəb olması mümkündür. Türkiyədə əhalinin bir hissəsi, eləcə də müxalif qüvvələr Ərdoğanı bu addımına görə tənqid edirlər. Suriyadan gələn qaçqınların geri qayıtması müxalifətin maraqları çərçivəsindədir”.
Politoloqun fikrincə, Türkiyə gec-tez Suriya ilə danışıqlar masasına oturmalıdır:
“Münaqişənin yeganə həll yolu iki tərəf arasında dialoqdur. Bununla həm də regional müstəvidə bir çox məsələlər həllini tapacaq. Görüşün olacağı təkzib edilsə də, gələcəkdə baş tutması istisna deyil. Vasitəçilik isə Rusiyada olacaq”.
Safura Bənnayeva
Globalinfo.az













