ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. Trampın Zelenskiyə Rusiya-Ukrayna müharibəsi ilə bağlı söz verdiyi qeyd edilir: “Donald Tramp yenidən prezident seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəyə son qoyacağına dair söz verib. Zelenski isə onunla görüşmək istədiyini bildirib”.
Tramp sözünü tuta biləcək? Prezident seçilərsə sülhə necə nail olacaq?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ-da prezidentlik uğrunda gərgin rəqabət gedir və hazırkı dövlət başçısı Co Baydenin reytinqi getdikcə azalır:
“Onun əsas rəqibi kimi Respublikaçı Donald Tramp görünür. Hərçənd sürpriz bir şəxsin meydana çıxacağı və hətta qalib gələcəyi də mümkündür. ABŞ tarixində belə hallar çox olub.
Tramp əvvəllər də dəfələrlə prezident seçiləcəyi təqdirdə, müharibəni bitirəcəyi barədə açıqlama verib. Sözsüz ki, bu, onun seçki kampaniyasının əsas istiqamətidir. Tramp bu yolla həm daxili, həm də xarici tərəfdarlarının sayını artırmağa çalışır. Ümumiyyətlə, onun hakimiyyəti dövründə ABŞ ilə Rusiya arasında münasibətlər indikinə nisbətən daha yaxşı olub.
Tramp Moskva ilə münasibətləri qorumağı bacarırdı. Bayden isə Rusiyaya qarşı daha radikaldır. Şərqi Avropadakı müharibənin başlamasının əsas səbəbkarlarından biri də məhz Bayden hakimiyyəti olub”.
Turan Rzayev
Globalinfo.az














