Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev polis kapitanı Fəxrəddin Nəsirovun qətlə yetirilməsinə münasibət bildirib.
Globalinfo.az xalcebhesi.az saytına istinadla bildirir ki, partiya sədri öncə mərhumun yaxınlarına, DİN əməkdaşlarına dərin hüznlə başsağlığı verib.
Bildirib ki, son vaxtlar siyasi məqsədlərlə polisin gözdən salınması, ictimaiyyət arasında ona qarşı nifrət aşılanması, polisə müqavimət göstərilməsi istiqamətində xaricdən aparılan sistemli iş daha da gücləndirilib:
“Bu vəziyyət cinayətkarların polisə müqavimət göstərməsi hallarının artmasına təsir edir. Siyasi partiyalar, media, qeyri-hökumət təşkilatları polisə ciddi ictimai dəstək verməlidir. Düşünürəm, polis əməkdaşları da öz fəaliyyətlərində bunu nəzərə almalıdırlar. Hava isti olsa da onlar qoruyucu gödəkcələr geyinməli, üzərlərində silah, radioəlaqə, qandal olmalı, tək gəzməməli, kömək gələnə qədər silahlı olan və müqavimət göstərə biləcək şəxsi həbs etməyə cəhd etməməlidirlər. İnsan həyatı hər şeydən dəyərlidir”.
Q.Həsənquliyev deyib ki, vətəndaşlar da zəruri müdafiə halları istisna olmaqla, cinayət törətmiş silahlı şəxsləri saxlamağa, zərərsizləşdirməyə səy göstərməməli, polis çağırmalıdırlar.
“Hesab edirəm, Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməli, polisə silahlı müqavimət göstərməyə görə cəza sərtləşdirilməlidir” – partiya sədri bildirib.