Ermənistan İrana onu Avrasiyaya birləşdirəcək həlqə kimi lazımdır.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya hakimiyyət dairələrinə yaxınlığı ilə seçilən “Rıbar” Teleqram kanalı yazıb.
“Zəngəzur dəhlizi ssenarisi İranın Ermənistanla logistik əlaqəsini kəsə bilər. Onlar 2022-ci ilin oktyabrında Qafanda konsulluq açıblar ki, bu da regionun İran üçün əhəmiyyətini göstərir”.
“Rıbar” iddia edib ki, İran özünün Qərbi və Şərqi Azərbaycan vilayətlərinə təhdid hiss edir və guya Bakı Türkiyənin dəstəyi ilə bu yerlərə öz iddiasını irəli sürə bilər:
“Bununla bərabər unutmaq da olmaz ki, İsrail İranın əsas opponenti və Azərbaycanın aparıcı tərəfdaşı və müttəfiqidir. Zəngəzur dəhlizinin əsas fikir müəllifləri isə Britaniya və İsrail sayılır”.
“Bir sözlə, Cənubi Qafqazda situasiya çox kövrəkdir. İranda daxili siyasi vəziyyət isə birmənalı deyil. Ölkəni tezliklə prezident seçkisi gözləyir və hələlik İran cəmiyyətində situasiyanın necə inkişaf edəcəyini demək çətindir. Lakin bütün bu olanlar fonunda Ermənistan hökuməti Azərbaycanın istənilən tələbinə maksimal loyallıq nümayiş etdirir”, – “Rıbar”ın yazısında yer alıb.
Qeyd edək ki, Azərbaycan Ermənistan ərazisində gözü olmadığını və Zəngəzura hücum etməyəcəyini dəfələrlə bütün səviyyələrdə bəyan və sübut edib.
Rəsmi Bakı həmçinin İranla münasibətlərə, mehriban dostluq, qonşuluq əlaqələrinə önəm verir. Təsadüfi deyil ki, bu yaxınlarda Ordumuz İranda bu ölkənin silahlı qüvvələri ilə birgə təlim keçirəcək.
Prezident İlham Əliyev bir qədər əvvəl İranın mərhum prezidenti İbrahim Rəisi ilə görüşündə “İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz” deyərək bir daha mehriban qonşuluq mesajı vermişdi.
Əliyar Xəlil
Globalinfo.az