
İyunun 6-da Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini (2 kişi, 1 qadın) Kliniki Tibbi Mərkəzə qarayara diaqnozu ilə hospitalizasiya olunub. Hər üç şəxs Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Onlardan 1 nəfərdə (kişi cinsli) qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir.
Digər iki şəxsdən isə qarayara şübhəsilə laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
Hər 3 şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.
***15:30
Səhiyyə Nazirliyi Zaqatalada qarayara xəstəliyinin aşkarlanması faktı ilə bağlı məlumat yayıb.
Nazirlikdən Globalinfo.az-a bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində “Qara yara” diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar.
Xəstələrdən biri Canqa Xalis oğlu Süleymanovda “Qara yara” diaqnozu laborator təsdiq edilib, digər 2 xəstədən laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
Hazırda, Zaqatala rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd İnzibati ərazi üzrə nümayəndəliyi, Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Qeyd edək ki, yerli əhali kənddə karantin elan olunmasını istəyir.














