Rus ordusu sürətlə irəliləyir – Avropa üçün həyəcan təbili

Rus ordusu sürətlə irəliləyir - Avropa üçün həyəcan təbili

“Rusiyanın Ukrayna cəbhəsində sürətlə irəliləməsi fonunda Avropa və ABŞ-dan ciddi addımlar atılmır. Fransa daha çox siyasi dəstək verir, bəyanatlar səsləndirir, lakin bu kifayət etmir. Rəsmi Parisin Ukraynaya ciddi hərbi yardım göstərməməsi onun ikiüzlülüyündən xəbər verir”.

Bu sözləri Globalinfo.az-a politoloq Sultan Zahidov deyib.

O bildirib ki, hazırda Avropada Ukraynaya hərbi cəhətdən ən böyük dəstəyi Almaniya verir:

“ABŞ-da qarşıdan gələn prezident seçkilərində Donald Trampın seçilməsi ehtimalı böyükdür. O, hakimiyyəti dönəmində Avropaya laqeyd münasibəti ilə seçilmiş, qitənin təhlükəsizliyinin ABŞ-dan asılı olmadığını bildirərək təhlükəsizlik çətirini götürəcəyini vəd etmişdi. Bu halda Avropada müəyyən narahatlıq yarandı. Əgər ABŞ öz dəstəyini geri çəkərsə, nəinki Ukrayna çətin vəziyyətdə qalacaq, bütün Avropa Rusiyanın mümkün təhdidi ilə üzləşə bilər”.

Politoloqun sözlərinə görə, Fransanın Ukrayna müharibəsində iştirak etməsi və birbaşa Rusiya ilə toqquşması gözlənilmir:

“Fransa Avropanı Kremlə qarşı vahid cəbhə almağa çağırır. Rəsmi Paris və digər bir neçə ölkə Kiyevə sadəcə təlimçilər göndərə bilər. Emmanuel Makronun növbəti dəfə Avropanı Fransanın liderliyi altında birləşdirmək cəhdi uğurlu alınmayacaq, çünki onun siyasətinə etimad yoxdur”.

Safura Bənnayeva
Globalinfo.az