Avropa İttifaqı Sülh Fondu vasitəsilə Ermənistana yardım qərarını qəbul etsə də, bunu praktiki olaraq icra edə bilmir. Buna səbəb Ermənistana yardım layihəsinin ittifaq üzvü Macarıstan tərəfindən bloklanmasıdır. Rəsmi Budapeştin şərti var: Sülh Fondunun yardım proqramına Ermənistanla yanaşı, Azərbaycan da daxil edilsin.
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, əslində bu məsələ Avropa İttifaqının bəzi institusional orqanlarının riyakarlığını bir daha ifşa etmiş olur:
“Sülh Fondu adı altında yalnız Ermənistana yardım ayrılması və bu yardım vasitəsilə Ermənistanın hərbləşdirilməsinə birbaşa açıq dəstək verilməsi ikili standartların bariz nümunəsidir. Ona görə də, Macarıstanın bu qərarı blok etməsi ədalətli yanaşmanın ifadəsi olaraq dəyərləndirilməlidir.
Çünki birtərəfli qaydada yalnız Ermənistana yardım ayrılması heç də sülhə dəstək kimi təqdim oluna bilməz. Təbii ki, Azərbaycanın belə bir yardıma heç bir halda ehtiyacı yoxdur. Ancaq bu ikili standartlara qarşı bizim və ya dostlarımızın səssiz qalması da mümkün deyil. Bəli, Macarıstan Azərbaycan və ümumilikdə Türk dünyası üçün önəmli tərəfdaşdır. Türk Dövlətləri Təşkilatı çərçivəsində və ya ikitərəfli əsasda əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Lakin əlaqələrin səviyyəsindən asılı olmayaraq Macarıstanın bu gün ortaya qoyduğu mövqe ədalətə və bərabərhüquqlu yanaşmaya istinad edir.
İttifaq çərçivəsində, nə də Ermənistan və havadarları tərəfindən Macarıstanın bu addımı tənqid edilərək hədəfə çevrilə bilməz. Macarıstan bu gün Avropa İttifaqının Sülh Fondu çərçivəsində ədalətli mövqe nümayiş etdirərək işğala və işğalçıya dəstək verilməsini blok etməklə həqiqətən də sülhə dəstək vermiş olur”.
Turan Rzayev
Globalinfo.az