abxaziya 5646

“Gürcü Arzusu” Partiyasının sədri İrakli Qaribaşvili bildirib ki, Gürcüstan hakimiyyəti ölkənin Avropa Birliyinə qəbul olunacağı təqdirdə “Xarici agentlər haqqında” qanunu ləğv edə və ya ona yenidən baxa bilər.

“Əgər bizə desələr ki, sabah AB-yə üzv olacağıq, o zaman qanun çox asanlıqla ləğv edilə, yenidən işlənib hazırlana və ya yenisi qəbul edilə bilər”, – Qaribaşvili deyib.

Bəzi iddialar da var ki, Gürcüstan Rusiya ilə yaxınlaşır və Abxaziya, Osetiyada hərbi əməliyyatlar keçirməyə hazırlaşır.

Maraqlıdır, bu iddialar nə dərəcədə doğrudur? Tbilisi Qərbdən uzaqlaşıb, Kremllə münasibətləri bərpa edir?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Gürcüstan hakim “Gürcü Arzusu” Partiyasının son mitinqinin iki məqsədi var:

elxan sahinoglu 2

Elxan Şahinoğlu

“Birincisi, mitinq Gürcüstan cəmiyyətinə mesaj xarakterli idi. “Gürcü Arzusu” Partiyası bu mitinqlə mesaj verdi ki, müxalifət Gürcüstan xalqının iradəsini, fikrini ifadə etmir. Yəni iqtidar özünün daha güclü olduğunu bu mitinqlə göstərdi.

İkincisi, mitinqin bir digər məqsədi də beynəlxalq aləmə mesaj vermək idi. Belə ki, Gürcüstan hər nə qədər Qərbə inteqrasiya etsə də ABŞ və Qərbin ölkənin daxili işlərinə müdaxilə etməsindən narahatdır. Xüsusilə ölkədə Qərbdən dəstək alan QHT-lər agentliklə məşğul olduğu üçün Tbilisi buna etiraz edir”.

Ekspert deyib ki, Gürcüstan Rusiya ilə münasibətlərdə ciddi dəyişiklik etmir:

“Rəsmi Tbilisi ilə Moskva arasında diplomatik münasibətlər kəsilib. Bu vəziyyət bu gün də belədir. Bununla belə iqtisadi münasibətlər davam edir. Gələcəkdə münasibətlər yenidən formalaşsa belə, Gürcüstan buna Qərbin müdaxilə etməsini istəmir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: