
Uçota alınan operator və provayderlərin fəaliyyətini əks etdirən məlumatların verilməsinə müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq, bir neçə internet provayder həmin məlumatların təqdim edilməsindən yayınır.
Bu barədə Globalinfo.az-a İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) məlumat verilib.
Bildirilib ki, dəfələrlə xəbərdarlıq edilsə də, məlumatların təqdim edilməsindən yayınan “Fibernet” və “ButaTelecom.az” MMC-lərlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, inzibati xəta haqqında protokolun tərtib edilməsi təmin edilib və baxılması üçün aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilib.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.














