Lənkəran Şəhər İcra Hakimiyyətindən ittihamlara CAVAB

Lənkəran Şəhər İcra Hakimiyyətindən ittihamlara CAVAB

Son günlər Lənkəran şəhər mərkəzində baş verən neqativ proseslərlə bağlı sosial şəbəkələrdə və ənənəvi mediada görüntülər yayılır.

Globalinfo.az həmin görüntülər əsasında material hazırlayıb. Bu material dərc olunduqdan sonra Lənkəran Rayon İcra Hakimiyyətindən redaksiyamızla əlaqə saxlayıblar.

RİH-dən görüntülərin aradan qaldırıldığı bildirilib:

“Bu istiqamətdə Lənkəran Şəhər İcra Hakimiyyəti və aidiyyəti xidmət idarələri tərəfindən bütün mümkün addımlar atılıb, şəhərin təmizliyi daim diqqət mərkəzində saxlanılır. Güclü qar nəticəsində aşan ağaclar yollardan götürülüb, elektrik və rabitə xətləri bərpa edilib, bütün ara küçə və məhəllələr təmizlənib. Eyni zamanda Lənkəran şəhəri ərazisində budanmaya ehtiyac olan ağaclar aidiyyəti idarələrin əməkdaşları tərəfindən budanır, ərazi dərhal təmizlənir. Sözügedən proses artıq yekunlaşmaq üzrədir. Bütün bunlara baxmayaraq, bəzi sosial şəbəkə seqmentində rayon ərazisində təmizlik işlərinin aparılmamasına, qarın fəsadlarının aradan qaldırılmamasına dair məlumatlar işıqlandırılmaqdadır”.

İcra Hakimiyyətindən Lənkəran bazarı ilə bağlı yayılan görüntülərə də aydınlıq gətirilib:

“Qeyd edək ki, “Lənkəran Bazar” ASC-nin ərazisinin təmiz saxlanılmasına, sanitariya-epidemioloji vəziyyətə nəzarəti aidiyyəti üzrə qurumlar həyata keçirir. Sözügedən görüntülər aramsız yağan yağış zamanı “Lənkəran Bazar” ASC-nin ərazisində avtobus dayanacağında lentə alınıb. Bildiririk ki, yol asfalt örtüklüdür, hərəkət üçün maneə yoxdur. Eyni zamanda zibillərin və məişət tullantılarının daşınması rayon ərazisində konkret qrafik üzrə həyata keçirilir. Lənkəran Mərkəzi Bazar ərazisindən də zibillərin daşınması konkret saatlar üzrə təmin edilir. Lənkəran Şəhər İcra Hakimiyyəti rayon ərazisinin təmiz saxlanılması, zibillərin və məişət tullantılarının vaxtında daşınmasına ciddi nəzarət edir. Bir sıra sosial şəbəkə hesablarında şəhər ərazisində aşan ağacların yığışdırılmamasına dair paylaşılan görüntülər həqiqəti əks etdirmir. Belə ki, bu görüntülər qarın fəsadlarının aradan qaldırılmasının ilk günlərində, eyni zamanda, budanma işləri aparılan zaman məqsədli şəkildə çəkilən görüntülərdir”.

Zaira Akifqızı
Globalinfo.az