Geridə qoyduğumuz 2023-cü il dünyada bir sıra mühüm hadisələrlə yadda qaldı.
Globalinfo.az xəbər verir ki, 2023-cü ildə dünya gündəmini dəyişəcək xeyli hadisələr baş verdi.
İlin əvvəlində Papa XVI Benediktin Müqəddəs Pyotr Bazilikasında dəfn edilməsi xristian dünyasını matəmə qərq etdi. Yanvarın 18-də isə Kiyevdə Ukraynanın daxili işlər nazirini daşıyan helikopter qəzaya uğradı və ümumilikdə 14 nəfər həyatını itirdi.
Bu hadisənin üzərindən heç bir ay ötməmiş, yəni 4 fevral tarixində ABŞ ordusu Çin casus şarını vurdu. Fevralın 21-də isə Rusiya lideri Putin 2010-cu ildə ABŞ-la imzalanan “Nüvə Silahsızlanması Müqaviləsi”ni dayandırdığını elan etdi.
Geridə qoymağa hazırlaşdığımız 2023-cü il təkcə hadisələrlə deyil, həm də siyasi və diplomatik addımlarla yadda qaldı. Belə ki, mart ayının 10-da İran və Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyi ilə son 7 ildə ilk dəfə diplomatik əlaqələri bərpa etdi. Martın 17-də isə Beynəlxalq Cinayət Məhkəməsi Putinin hərbi cinayətlər törətdiyini iddia edərək onun həbsinə order verdi. Martın 30-da Finlandiyanın NATO-ya üzvlük protokolu Türkiyə Böyük Millət Məclisində qəbul edildi və beləliklə aprelin 4-də Finlandiya NATO-nun 31-ci üzvü kimi tarixə düşdü.
Aprel ayının 15-də Almaniya 1960-cı illərin əvvəlindən istifadə etdiyi nüvə enerjisi istehsalını dayandırdı. Mayın 3-də isə Kreml dron hücumuna məruz qaldı. 2023-cü il təkcə müharibə və hadisələrlə yox, həm də sevindirici xəbərlərlə yadda qaldı. Belə ki, may ayının 5-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un qlobal fövqəladə hal olmadığını bəyan etdi. May ayının 7-də isə Suriya 12 ildən sonra Ərəb Liqasına qaytarıldı. İyulun 3-də İran Şanxay Əməkdaşlıq Təşkilatına qoşuldu.
Yola salacağımız 2023-cü ildə Afrika qitəsində də bir sıra xoşagəlməz hadisələr baş verdi. Belə ki, iyulun 26-da Nigerdə hərbi çevriliş baş tutdu. Niger prezidenti Məhəmməd Bazum vəzifəsindən uzaqlaşdırıldı. Avqustun 23-də isə Hindistan Ayın cənub qütbünə enən ilk ölkə oldu. Həmin gün “Vaqner”in lideri Yevgeni Priqojinin olduğu təyyarə qəzaya uğradı və o, dünyasını dəyişdi. Avqust ayının 30-da Qabonda hərbi çevriliş baş verdi və nəticədə prezident Əli Bonqo vəzifəsini itirdi.
Bir neçə gündən sonra yola salacağımız 2023-cü il ölkəmiz üçün də vacib hadisələrlə yadda qaldı. Belə ki, sentyabr ayının 19-da Azərbaycan ordusunun keçirdiyi antiterror əməliyyatları nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edildi. Oktyabr ayının 7-də isə Fələstin və İsrail arasında müharibə başladı. Noyabrın 10-da isə “dəli” adlandırılan Xavyer Miley Argentinada keçirilən seçkilərdə qalib gələrək prezident oldu.
Beləliklə, 2023-ü həm dünya, həm də Azərbaycan üçün çətin il adlandırmaq olar. Ümid edirik ki, bir neçə gündən sonra qarşılayacağımız 2024 həm dünyada, həm də ölkəmizdə müharibəsiz və xoş hadisələrlə dolu bir il olacaq.
Əliyar Xəlil,