Rusiya-Ukrayna müharibəsinin uzanması Qərb ölkələri arasında Kiyevə yardımların ayrılması istiqamətində fikir ayrılıqlarını dərinləşdirir. “Politiko” adı açıqlanmayan Avropa rəsmisinə istinadən məlumat yayıb ki, Qərb ölkələri Ukraynanın silaha olan tələbatını ödəmək üçün istehsal xətlərini kifayət qədər genişləndirməyib.
“Aİ artıq ehtiyatlarından Kiyevə silah ayırmağa davam edə bilməz. Amma Ukraynaya Avropada hələ də güclü ictimai və siyasi dəstək var. AB ölkələri təhlükəsizliklərinə xələl gətirmədən əllərindən gələni etdilər”, – mənbə bildirib.
Maraqlıdır, Qərb Ukraynaya silah tədarükünü dayandıracaq? Bu baş verərsə, Rusiya-Ukrayna müharibəsinin taleyi necə olacaq?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Qərbin Ukraynaya silah yardımlarını kəsmək istəməsi doğru xəbərdir:
“ABŞ Prezidenti Co Bayden də son çıxışlarında Aİ-nin verdiyi sözlərin arxasında durmadığını deyir. Hansı ki, həm Aİ, həm də ABŞ Ukraynaya sona qədər hərbi, iqtisadi yardım ediləcəyi sözünü vermişdi.
Bu gün bir çox Qərb ölkəsi Ukraynaya hərbi yardımların bundan sonra verilməməsi üçün çağırışlar edir, mövqe sərgiləyir. Əslində, bu mövqe anlaşılandır. Belə ki, müharibənin uzanması Qərb ölkələrinə həm maddi ziyan vurur, həm də tədricən onları da müharibənin bir parçası halına gətirir. Heç bir ölkə sabah Rusiyanın onun ərazisinə zərbə vurmayacağından arxayın deyil.
Ramiyə Məmmədova
Ukraynaya davamlı maliyyə, hərbi yardımlar Qərb ölkələrini çətin vəziyyətə salır. Xüsusilə iqtisadi baxımdan bu, ciddi yük deməkdir. ABŞ-ın diktəsi ilə iş görən Qərb artıq başa düşür ki, bu müharibə hər şeydən öncə onların özü üçün mənfi nəticələnə bilər.
Ukrayna-Rusiya müharibəsinin hazırkı mənzərəsi də onu deməyə əsas verir ki, Kiyev irəliləyə, gözlənilən nəticələri əldə edə bilmir. Yardımlar dayansa, müharibə dərhal bitəcək”.
Turan Rzayev
Globalinfo.az