ABŞ-ın Nyu-Cersi ştatından seçilmiş senator Robert Menendez barəsində korrupsiya ittihamı böyüyür. Prokurorluq Menendezin Misir hökumətinə lobbiçilik edərək həssas məlumatları ötürdüyünü bildirib. Diqqətçəkən məqam isə budur ki, senatorun evinə baxış zamanı 500 min dollardan çox nağd pul, dəbdəbəli avtomobillər və qızıl külçələr aşkar edilib.
Senator sentyabrın 27-də Nyu-Yorkda məhkəmə qarşısına çıxacaq. Onun tezliklə Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verəcəyi deyilir.
Menendezin işi çətindir, bu dəfə onu erməni həyat yoldaşı Nadine Arslanyan da xilas edə bilməyəcək, çünki özü də ittiham olunur.
İndiki məqamda əsas məsələ Menendezin həbsi yox, Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılmasıdır.
Məsələ ondadır ki, Menendez vəzifəsindən istifadə edərək Azərbaycana səfir təyinatının qarşısını alırdı. Müqayisə üçün deyim ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfindən 2019-cu ildə Azərbaycana səfir təyin olunan Örl Litzbergerin səlahiyyət müddəti ötən ilin iyul ayında başa çatıb və o vaxtdan yeni səfir təyin edilməyib.
2022-ci il mayın 25-də Co Bayden Mark Libbi adlı diplomatın Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürsə də, bu il yanvarın 3-də təklif Bayden administrasiyasına geri qaytarılıb.
Sentyabrın 27-də məhkəmə Menendezin həbsinə qərar versə və Senatın Xarici Əlaqələr Komitəsi sədri vəzifəsindən uzaqlaşdırsa, Azərbaycana səfir təyinatı qısa zamanda baş tuta bilər. Böyük ehtimalla Co Bayden Mark Libbini yenidən səfir kimi təklif edəcək.
Turan Rzayev
Globalinfo.az