Ukraynanın müdafiə naziri Aleksey Reznikov istefa verib, onun yerinə Krım tatarı Rüstəm Umerov təyin olunub.
Maraqlıdır, bu təyinat nə ilə bağlıdır? Zelenskinin addımı Rusiya-Ukrayna müharibəsində hansı yeniliklərə səbəb olacaq?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, bəziləri Reznikovun istefasını Ukraynanın Rusiya ilə müharibədə yeni taktiki yanaşması, bəziləri isə nazirliyin adının korrupsiyada hallanması ilə əlaqələndirirlər:
“Bildiyimiz kimi, Ukrayna Müdafiə Nazirliyinin adı korrupsiya qalmaqalında hallanır. Həmin gün “Zerkalo Nedeli” qəzeti Türkiyənin “Vektor Avia” şirkətinin Silahlı Qüvvələr üçün qış gödəkçələri adı altında yay gödəkçələri satdığını yazıb. Reznikov isə bildirib ki, Ukrayna Silahlı Qüvvələri üçün qış gödəkçələrinin alınması ilə bağlı qanunsuzluq təsdiqlənərsə, istefaya getməyə hazırdır.
Şəxsən mən bu versiyanın son bəhanə olduğunu düşünürəm. Görünür, mediaya sızdırılan bu məlumatlar təsadüfi deyildi. Çünki yalnız sadəlövhlər Ukrayna-Rusiya kimi qlobal bir müharibədə heç də pis təsir bağışlamayan müdafiə nazirinin istefaya göndərilməsini rüşvət amilinə bağlaya bilər. Məsələ daha dərin və qəlizdir. Ümumilikdə isə Zelenskinin bu addımı başadüşüləndir. Qeyd edim ki, Rusiya mətbuatı avqust ayındakı bəzi analitik yazılarında Aleksey Reznikovun guya Ukraynada mümkün çevriliş edə bilənlər siyahısında göstərirdi. Yəni müdafiə nazirinin başı üzərində duman ilin əvvəllindən var idi”.
Politoloq deyib ki, artıq fevral ayında Reznikovun hakim qrupda qalmasının vacibliyi, lakin müdafiə sahəsinin başqasına həvalə ediləcəyi vurğulanırdı:
“Onun Britaniyaya səfir göndəriləcəyi və ya hansısa başqa vəzifəyə təyin ediləcəyi gözlənilir. Müdafiə naziri vəzifəsinə əsas namizəd kimi isə ölkənin birinci kəşfiyyatçısı Kiril Budanovun adı hallanırdı. Hətta avqust ayındakı proqnozlar arasında 2-3 namizədin adı olsa da, aralarında Umerov yox idi.
Rüstəm Umerov 1982-ci ildə Özbəkistanda anadan olub. Daha sonra Ukraynaya köçüb, Krım tatarıdır. ABŞ-dakı fondlarla sıx əlaqələri mövcuddur, eyni zamanda Krım tatarlarının hüquq və səslərinin tanınmasını fəal müdafiə edənlərdən olub. Krım tatarlarının lideri Mustafa Cəmilin köməkçisi kimi çalışıb. Avqustun sonunda Türkiyə XİN rəhbəri Hakan Fidanın Ukrayna lideri Zelenski ilə görüşündən sonra Umerovun müdafiə naziri postuna namizəd göstərilməsi, yəqin ki, təsadüfi deyil”.
Turan Rzayev
Globalinfo.az