Xankəndiyə gediş-gəliş üçün bu yoldan istifadə edilə bilər

Xankəndiyə gediş-gəliş üçün bu yoldan istifadə edilə bilər

“Üzərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) loqosu olan nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi faktları aşakar edildikdən sonra sərhədçilərimiz düzgün olaraq Laçın sərhəd-buraxılış məntəqəsindən keçidi müvəqqəti dayandırıblar”.

Globalinfo.az xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, Qarabağda yaşamaqda olan ermənilərə və onların qayğısına qalan BQXK-ya dəfələrlə təklif olunub ki, Xankəndiyə və digər ətraf ərazilərə gediş-gəliş və humanitar təyinatlı yüklərin çatdırılması üçün Bərdə-Ağdam-Xankəndi yolundan istifadə edə bilərsiniz:

“Eyni təklif orada müvəqqəti yerləşmiş sülhməramlılara da verilib. Belə bir təklif çox vacibdir və dövlətimizin tam aydın başa düşülən suveren hüququdur. Deyildiyi kimi, bu təklif təkcə həmin ərazilərdə yaşayanların Azərbaycan cəmiyyətinə reinteqrasiyasını təmin etməyə yönəlməyib. Bu təklif həm də ölkəmizin ayrılmaz ərazisi olan Qarabağdakı kommunikasıyaların, xüsusən də yol-nəqliyyat ifrastrukturunun ölkənin ümumi və vahid sisteminə qoşulmasına yönəlib və bunu təmin etməlidir”.

Ə.Hüseynov deyib ki, 1991-ci ilə qədər keçmiş vilayətin bütün kommunikasıyaları (qaz, elektrik enerjisi, rabitə), habelə nəqliyyat ehtiyacları (həm sərnişin, həm də yük daşınması) Ağdam üzərindən həyata keçirilirdi:

“Xankəndiyə və onun ətraflarına, Şuşaya, Laçına ölkəmizin mərkəzi hissəsindən və Bakıdan gedən ən qısa yol məhz Ağdamdan keçir. Ağdam-Xocalı-Şuşa-Laçın avtomobil yolu ilə sərbəst hərəkət, habelə Yevlax-Bərdə-Ağdam-Xocalı (Xankəndi) dəmiryolu ilə sərbəst hərəkət tədricən təmin edilməlidir”.

Zaira Akifqızı
Globalinfo.az