Ömürlük məhbuslarla bağlı şad xəbər – Azadlığa çıxmaları üçün…

Ömürlük məhbuslarla bağlı şad xəbər - Azadlığa çıxmaları üçün...

Əfv Komissiyasında ömürlük məhbusların məsələsinə baxılır. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Əfv komissiyasının iclaslarında iştirak edir və müraciətləri oxuyur:

“Müraciətləri oxuyan zaman görürük ki, bəzi şəxslər əvvəlcə törətdikləri əməlləri inkar etsələr də, sonradan öz günahlarını qəbul edirlər. Ömürlük məhbuslarla bağlı müəyyən fikirlər var, müraciətlərinə baxılır. Lakin bu birbaşa dövlət başçısının səlahiyyətində olan bir məsələdir. Hesab edirəm ki, insanlara yenidən şans vermək lazımdır”.

Ömürlük həbs dedikdə isə ağıla OMON-çular gəlir. Artıq 30 ilə yaxındır ki, onlar məhbus həyatı yaşayırlar.

Yeri gəlmişkən, bu günlərdə məlum olub ki, hüquq müdafiəçisi Leyla Yunusun siyasi məhbuslar siyahısında olan və İrana casusluq edən şəxs 2 il əvvəl əfvlə azadlığa çıxıb.

Gözlənilən əfvdə bu detallar nəzərə alınacaqmı? Azərbaycanda terror törədən və terrora cəhd hərəkətlərinə görə ömürlük həbs olunmuş şəxslər varmı? Onların adları siyasi məhbus kimi siyahılara salınıbmı?

Globalinfo.az-a açıqlamasında hüquq müdafiəçisi, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı Leyla Yunusun siyahısı haqda məlumatsız olduğunu bildirib.

Ömürlük məhbuslarla bağlı şad xəbər - Azadlığa çıxmaları üçün...

Səidə Qocamanlı

O, ilk növbədə L.Yunusun Hollandiyada yaşadığını qeyd edib:

“Adam başqa ölkədə yaşayır, amma oradan siyahı hazırlayıb dünyaya yayır.

Məlumatları hardan alır, anlamıram. Yəqin ki, “siyahı”nı kimsə ona Azərbaycandan ötürür. O siyahılar nə dərəcə doğru ola bilər?! Deyilənə görə, onun siyahısında guya 200-dən çox siyasi məhbus var. Günü-gündən bu say onun siyahısında artır. Hardan çıxdı o qədər say?! Kimdir axı həmin şəxslər?! Bax, onu biz bilmirik. Bəlkə yaxın günlərdə İran casusu kimi həbs olunan şəxsləri nəzərdə tutur? Onları isə siyasi məhbus adlandırmaq olmaz. Hələ istintaq işi davam edir. Bəlkə elə istintaq əsnasında həmin şəxslərdən kiminsə günahsız olduğu üzə çıxacaq?! Bu məsələyə incə yanaşmaq lazımdır. İndidən onları “siyasi məhbus” siyahısına əlavə edib dünyaya yaymaq yanlış addımdır”.

S.Qocamanlı ömürlük cəza alanları daima gündəmdə saxladıqlarını bildirib:

“İllərdir həmin məhbusların problemləri ilə bağlı beynəlxalq təşkilatlardan başqa Azərbaycanda müəyyən qurumlarla söhbət aparmışıq, Milli Məclisdə danışıq olub. Bizim siyahımızda 7 nəfər ömürlük cəza alan var ki, onlardan da dördü 1996-cı ildə həbs olunan OMON-çulardır. Həmin şəxslərdən də üçü, Qazax OMON-unun üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovdur. Onlar illər əvvəl Avropa Şurası tərəfindən siyasi məhbus kimi qəbul ediliblər. Dördüncü şəxs isə Dəyanət Kərimovdur. O, çox maddələrlə günahlandılır. Digər üç nəfər isə “Qaranquş” qrupunun üzvləridir.

Bu insanlar 1995-96-cı illərdən həbsdədirlər. Artıq qocalıblar, xəstəlik tapıblar. Onlara təyin olunan maddələr çox ağırdır. Biz ömürlük həbs cəzası alan Şəmsi Bədəlzadənin azadlığa çıxmasına nail ola bilmişik. Elə ona görə də, siyahıya 7 nəfərin adını saldıq ki, bu işə baxılsın və humanist addım atılaraq onları azad etsinlər. Biz sadəcə təklif edə bilərik”.

Zaira Akifqızı
Globalinfo.az