Azərbaycanda ödənişli avtomobil yollarının cənub bölgəsi istiqamətində genişləndirilməsi təklif olunur. Deputat Azər Badamov bu cür yolların yaradılmasının nəqliyyat əlaqələrini yaxşılaşdıracağını və iqtisadi imkanları genişləndirəcəyini bildirib.
Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, dünyanın müxtəlif ölkələrinin təcrübəsinə baxsaq, ilk növbədə ödənişli yolların alternativi olur:
“Bu alternativlər olduqdan sonra hər hansı bir yolun ödənişli olmasından söhbət gedə bilər. Bəzən bir istiqamət üzrə 5, 6 və ya 4 zolaqlı yol olur, onun təxminən 2 zolağını müəyyən məsafə üzrə ödənişli edirlər. Bu da çəkilən ümumi xərcin dövlət büdcəsinə təsirini azaltmaq və ya həmin xərcin investora qaytarılması üçün qurulan bir prosedurdur. Xərc özünü doğrultduqdan sonra həmin yol ödənişsiz sistemə keçirilir. Ən yaxşı halda isə həmin vəsaitlər yolun təmirinə xərclənir”.
Aslan Əsədov
Ekspert Azərbaycanda belə bir təcrübənin olduğunu bildirib:
“Azərbaycanda da bu prosesin həyata keçirilməsini ilk dəfə Bakı–Quba-Dərbənd istiqamətindəki yolda gördük. Həmin yolda sürət həddi və məsafənin təyin edilməsi ilə bağlı müəyyən prosedurlar tətbiq olundu ki, bu da öz-özlüyündə hərəkətin, intervalın və nəqliyyat axınının rentabelliyinə müsbət təsir göstərdi. Yəni avtomobil yollarının istismarında və saxlanmasında bu kimi amillər nəzərə alına bilər. Amma birinci növbədə alternativ yol olmalıdır. Bu alternativ yol rahatlıq və hərəkətin dinamikliyi baxımından yerli əhalinin ehtiyaclarına uyğun qurulmalıdır”.
Zaira Akifqızı
Globalinfo.az