İran, Əfqanıstan və bir sıra ərəb ölkələrində azyaşlı qızların vaxtından tez ərə verilməsi, onların üzləşdiyi problemlər və yarımçıq qalan həyat hekayələri erkən nikah məsələsini yenidən gündəmə gətirir. Uşaqlığını yaşamağa macal tapmadan ailə məsuliyyəti daşımağa məcbur edilən qızlar bir çox hallarda təhsildən, azad seçim hüququndan və sağlam gələcək qurmaq imkanından məhrum olurlar.
Bəs azyaşlı qızların erkən nikaha cəlb edilməsinin arxasında hansı səbəblər dayanır? Bu evliliklər onların həyatında hansı faciələrə yol açır və problemin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Globalinfo.az-a danışan həkim-psixoterapevt Əli Nağıyev deyib ki, bəzi toplumlarda və sosial mühitlərdə qızların erkən yaşda ərə verilməsinin səbəbi ümumi mentalitet və psixososial düşüncə tərzi ilə bağlıdır:
“Lakin bəzən dini ənənələr adı altında uşaqlarla cinsi münasibətə girmək kimi psixoseksual pozuntular da gizlənə bilər. Bu mənada qızların erkən yaşda evləndirilməsi doğru deyil. Uşaqlar 9, 10, 11, hətta 13-14-15 yaşlarında belə, emosional zəkası və psixoloji inkişafı tam formalaşmamış fərdlər olaraq ailə qurmağa məcbur edilirlər. Təbii ki, belə uşaqların həmin ailə mühitində fiziki və psixoloji zorakılığa məruz qalması ehtimalı yüksəkdir”.
Əli Nağıyev
Ə.Nağıyevin sözlərinə görə, psixoloji cəhətdən əzilmiş, travmalar yaşamış insanların dünyaya gətirdikləri övladlarına qarşı yetkin olmayan münasibəti və digər amillər də psixoemosional gərginlik və təşviş içində olan bir nəslin yetişməsinə səbəb olur:
“Belə cəmiyyətlərdə insanların daha çox mühacirətə meyilli olması da diqqətçəkən məqamlardan biridir. Bu gün Avropada yaşayan mühacirlər arasında məhz bu tip ölkələrdən gələn insanların sayının çox olması mənim fikrimi müəyyən mənada təsdiqləyir. Digər tərəfdən, təhsil almamış qızların müstəqil həyat yaşamaq imkanları da ciddi şəkildə məhdudlaşır. Onların boşanmaq, ailədən ayrılmaq və müstəqil qərarlar vermək hüquqları da olmur. Bu da onlara qarşı psixi və fiziki zorakılıq riskini artırır. Bütün bunlar, təbii ki, insan ruhunun faciəsidir”.
Sosioloq Üzeyir Şəfiyev isə deyib ki, BMT sənədlərində və beynəlxalq konvensiyalarda nikah yaşı ilə bağlı 18 yaş standartı müəyyən edilsə də, bir sıra ölkələrdə qızların erkən nikaha cəlb edilməsi halları davam edir:
“İranda qızlar üçün nikah yaşı 13, oğlanlar üçün isə 15 yaşdır. Əfqanıstanda qızların cinsi yetkinlik yaşının 9 yaş kimi qəbul edilməsi, İraqda isə nikah yaşının 13-15 yaş səviyyəsində müəyyənləşdirilməsi və hətta 9 yaşa endirilməsi ilə bağlı müzakirələr narahatlıq doğurur. İran parlamentində islahatçılar və qadın hüquqları fəalları dəfələrlə nikah yaşının artırılması təşəbbüsü ilə çıxış etsələr də, nəticəsiz qalıb”.
Sosioloq qeyd edib ki, nikah yaşının aşağı olduğu həmin ölkələrdə ana ölümləri ilə bağlı göstəricilər də diqqət çəkir:
“Əfqanıstanda hər 100 min diri doğuşa 537-dən çox ana ölümü düşür. İranda bəzi mənbələrə əsasən, bu göstərici hər 100 min diri doğuşa 25-30 ölüm təşkil edir. İraqda da oxşar problemlər müşahidə olunur. Bu vəziyyət bir tərəfdən, valideynlərin öz hüquqlarından sui-istifadə edərək uşaqların mənafelərinə zidd qərarlar verməsi problemini ortaya qoyur. Digər tərəfdən isə həmin ölkələrdə xurafatın din və şəriət adı altında təşviq edilməsinə, cəhalətin yayılmasına şərait yaradır”.
Üzeyir Şəfiyev
Ü.Şəfiyev əlavə edib ki, biz insan hüquqlarının yüksək səviyyədə qorunmasının vacibliyini qəbul edən müasir cəmiyyətdə yaşayırıq:
“Buna baxmayaraq, İran, İraq, Əfqanıstan və bəzi digər ölkələrdə qız uşaqlarının erkən nikaha cəlb edilməsi halları hələ də qalmaqdadır. Bu yanaşmanın digər müsəlman ölkələrinə də təsir göstərməsi riski var. İslam şəriətinin erkən nikahlara icazə verdiyi iddiası ilə belə halların başqa ölkələrdə də normallaşdırılmasına cəhd göstərilə bilər. Halbuki 9 və ya 13 yaşlı qız uşaqlarının nikaha cəlb edilməsi uşaqların hüquqlarına ziddir və ciddi sosial problem olmaqla yanaşı, cəhalətin göstəricisidir”.
Zaira Akifqızı
Globalinfo.az