Bakı metrosunda 2005-ci ildə baş vermis eskalator qəzası zaman-zaman sərnişinlər analoji faciənin təkrarlancağı ilə bağlı narahatlıq yaradır.
Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Globalinfo.az-a müsahibəsində bu məsələyə aydındıq gətirib.
O bildirib ki, təhlükəsizliklə bağlı ciddi tədbirlər görülür:
“Tam əminliklə deyə bilərəm ki, dünya metropolitenləri arasında mühəndis-texniki qurğuların normativlərə uyğun yoxlanılması, saz vəziyyətdə saxlanılması və onlara nəzarət baxımından ciddi tələblər tətbiq olunur. Bu yanaşma təmizlik, səliqə-sahman və sanitariya, eləcə də eskalatorların istismarına da aiddir. Eskalatorlar ilk baxışda sadə qurğu kimi görünsə də, xüsusilə dərin özüllü stansiyalarda onların fəaliyyətinin dayanması stansiyaya girişin məhdudlaşdırılmasına səbəb ola bilər. Hazırda metropolitendə 115 eskalator var və onların hamısı işlək vəziyyətdədir. Eskalatorlar dövri təmirə dayandırıldıqda bu barədə ictimaiyyətə məlumat verilir. Texniki baxış və qulluq işləri isə gündəlik qrafik üzrə həyata keçirilir”.
Qeyd edək ki, 8 iyun 2005-ci il tarixində Bakı metrosunun “Bakı Soveti” (hazırkı “İçərişəhər”) stansiyasında insan tələfatı ilə nəticələnən ağır eskalator qəzası baş verib. Saat 13:41 radələrində stansiyanın 2 nömrəli eskalatorunun qəfil sürətlənməsi və ya nasazlığı sərnişinlər arasında güclü sıxlığa və basırığa səbəb olub. Qəza nəticəsində 1 nəfər həlak olub (vətəndaş Vahid Axundov) və 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Müsahibəni tam halda buradan oxuya bilərsiniz: “Bakını iflic vəziyyətindən xilas etmək üçün başqa çıxış yolu qalmamışdı” – Metropoliten rəsmisi ilə MÜSAHİBƏ