Erməni rəssam və heykəltəraş Arman Nur Ağrı dağının təsvirinə həsr olunan “Açıq dəvət” adlı beynəlxalq sənət layihəsinə start verib.
Globalinfo.az xəbər verir ki, o bu barədə Ermənistan mediasına danışıb.
Rəssam dünyanın müxtəlif ölkələrindən, milliyyətindən və dinindən asılı olmayaraq rəssamları Ermənistana gələrək Ağrı dağını çəkməyə dəvət edib:
“İncəsənəti silah kimi istifadə etmək illərdir irəli sürdüyüm ideologiyamdır. Artıq bir neçə gündür ki, layihəm haqqında elan vermişəm — dünyanın bütün rəssamlarına “Açıq dəvət”: Ermənistana gəlib Ağrı dağını çəkməyə dəvət edirəm. Bu, mənim yeni təşəbbüsümdür. Artıq müxtəlif ölkələrdən 300-dən çox qeydiyyatım var. Müraciət edənlərin sayı hələ daha da artacaq. Deyim ki, onların əksəriyyəti erməni olmayan rəssamlardır.
Ağrı dağının bizim simvolumuz olmasını istəmirsiniz? Mən də bütün dünyanı çağıracağam, rəssamları dəvət edəcəyəm ki, gəlib Ağrı dağını çəksinlər və qoy bütün dünya sübut etsin ki, bu dağ bizimdir”.
Arman Nur daha irəli deyərək, Ağrı dağını “bütün xristianlar üçün mühüm simvol” adlandırıb:
“Amma hətta müsəlman rəssamlar da bu “Açıq dəvət” təşəbbüsünə qeydiyyatdan keçiblər ki, gəlib Ağrı dağını çəksinlər. Birinci mərhələdə 300 rəssam iştirak edəcək, lakin onların sayı getdikcə artır. Güman edirəm ki, 1000-dən çox olacaqlar.
İkinci mərhələdə rəssamlığa musiqi də qoşulacaq — Ağrı dağına həsr olunmuş musiqi. Kino və video-art, heykəltəraşlıq, əl işləri, xalçaçılıq və digər sahələr də olacaq. Beləliklə, bütün media və sənət növləri bu təşəbbüsə qoşulacaq”.
Qeyd edək ki, Türkiyənin dəfələrlə etdiyi çağırışlara baxmayaraq, Ermənistanda Ağrı dağı ilə bağlı ərazi iddiaları hələ də səsləndirilir. Son dövrlərdə Ermənistanda, xüsusilə Türkiyəyə qarşı revanşist meyillərin gücləndiyi müşahidə olunur. Belə ki, bəzi dairələr Osmanlı İmperiyası dövründə və sonrakı illərdə Türkiyənin Ermənistana qarşı əsas təzyiq göstərən tərəf olduğu fikrini irəli sürürlər.
Safura Bənnayeva
Globalinfo.az